AFFA-nın keçirdiyi U-15 Liqasında XXIV turdan təxirə salınmış 1 oyun keçirilib.
Presssport.az xəbər verir ki, “Metak” “Kəpəz”i qəbul edib.
Qusarda baş tutan matçda bütün qollar ilk hissədə vurulub. Belə ki, gəncəlilər Allahverdi Ələkbərov və Turan Salahlının qollarıyla fasiləyədək hesabda inamlı üstünlük qazanıb. Meydan sahibləri fasiləyə az qalmış qollardan birini əvəzini çıxa bilib.
İkinci hissədə komandaların səylərinə baxmayaraq, qapılardan top keçməyib. Hərçənd, qonalqarın hücumçusu Ömər Məmmədov əla qol imkanına malik olsa da, yaxın məsafədən “çərçivə”yə düşə bilməyib.
Bununla belə, İlqar Hüseynovun komandası çətin Qusar səfərindən çətinliklə də olsa qələbəylə dönüb - 2:1. Bunu ona görə xüsusi qeyd edirik ki, görüşün keçirildiyi meydançanın qazonu pis vəziyyətdə olub.
Bu vacib qələbədə isə goranboylular əsas pay sahibi olub. Çünki qol müəlliflərinin hər ikisi bu rayondandı. Digər goranboylu isə qapıçı Qüdrət Qarayevdi ki, o, “çərçivə”də inamlı çıxışıyla rəqibin meydandan xalla ayrılmasına imkan verməyib.
“Kəpəz” 22 oyundan sonra hesabına 35-ci xalı yazaraq turnir cədvəlində 8-ci yerdəki mövqeyini möhkəmləndirib və özündən 1 pillə irəlidə olan “Zirə”ylə xal fərqini 3-ə endirib. Nizami yurdunun təmsilçisinin ardıcıl 4-cü qələbəsini qazandığını də vurğulayaq .
Onu da bildirək ki, U-15 Liqasında fevralda ölkədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar XXIII tur bütünlüklə təxirə salınıb və nə vaxt baş tutacağı hələ rəsmən açıqlanmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC