Qurban Qurbanovun yanında təcrübə keçən məşqçi "Hilal"la qayıdıb: “Mikayıl İsmayılovun bizim də işlərimizə, Ağsuda futbolumuzun yenidən ayağa qalxmasına dəstək olacağına ümid edirik”

Samir İsayev. AFFA Region Liqasını izləyənlər üçün bu ad tanışdı. Belə ki, “Ağsu City”nin baş məşqçi olmasıyla tanınaraq onu bir neçə dəfə pley-offa çıxaran adıçəkilən mütəxəssis sonradan “Qobustan”ı da tarixində ilk dəfə qrupdan çıxarıb.
Son vaxtlar kölgədə qalan İsayev artıq yeni işin başına keçib. Belə ki, o, hazırda uşaq futbolunda iş başındadı. Bu haqda Presssport.az-a danışan İsayev ilk olaraq keçdiyi yola nəzər salıb: “Ağsu City” rəhbərliyi ilə müəyyən problemlər yaşadım. Bundan sonra 1 il futboldan uzaqlaşdım və ardından 2023-cü ildə Qaradağın "Qobustan" komandasına baş məşqçi təyin olundum. Onları da tarixlərində ilk dəfə qrup mərhələsindən çıxardım. Elə ilk oyunda “Xəzər Lənkəran 42”ni 5:0 hesabıyla məğlub etdik. Sonra orda maliyyə problemi yaşandı və bunun nəticəsində komanda geriyə getdi. Pley-offda “Şəki”yə uduzduq. Hər halda, tarixlərində ilk dəfə pley-offa çıxarmağı bacardım. Bu, 2-ci yerlə oldu. Halbuki, uzun müddət qrupda 1-cu pillədə idik, sonda liderliyi əldən verdik. Bundan sonra hardasa 1,5 il futboldan uzaq qaldım. Getdim Azər Bağırovun yanına. Onda "Araz-Naxçıvan"ın baş məşqçisi idi, yanında bir az təcrübə keçdim. Həmin vaxt Ayxan Abbasov çalışdırdığı “Turan Tovuz” da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edirdi, onun da yanına getdim. Qurban Qurbanovun da məşqlərində iştirak etmək imkanım oldu. Bunları özümü bir az inkişaf etdirməkdən ötrü etdim. Özümdən böyük, təcrübəli məşqçilərin yanında təcrübə keçdim. Bir az öz üzərimdə işlədim və gəldim Ağsuya. İndi hal-hazırda burda doğma rayonda uşaq futbol komandası yaratmışam".
İsayevin yaratdığı komanda "Hilal" adlanır. Hərçənd, ilk olaraq “Ay-ulduz” adlanırdı. Sadəcə, işlərini daha da böyütmək və bütün yaş qruplarını əhatə etmək üçün adda dəyişiklik etmək 
qərarına gəlib. Nəticədə komanda Ağsunu “Hilal FK” olaraq təmsil edir: “Burda sual yaranır ki, Samir İsayevin və hazırkı komandasının köhnə ”Ağsu City" ilə bağlığı varmı, oranı təmsil edirmi, ordakı rəhbərliklə əlaqəsi varmı. Əsla yoxdu! Buna xüsusilə toxunaraq aydınlıq gətirməlk istəyirəm. Həmin klub rəhbərliyi ilə həm futbolda, həm də heç bir sahədə əlaqəm yoxdu. Hazırkı komandamı özüm yaratmışam, özüm həm rəhbərlik edirəm, həm də məşqçilik. İnşallah, növbəti mövsüm komandanın böyük yaş qruplarında və Region Liqasında təmsil etmək üçün əlimdən gələni edirəm. Hərdən mənə sual verilir ki, "Ağsu City"yə baş məşqçi təklifi gəlsə, yenidən qayıdarsanmı? Xeyr! Köhnə rəhbərlik qaldığı təqdirdə nə müqavilə bağlayaram, nə də orda işləyərəm. Yox, "Ağsu Sity" rəhbərliyi dəyişərsə, klub başqa insanların sərəncamına keçərsə və onlardan mənə təklif gələrsə, bir ağsulu kimi doğma rayonun təmsilçisi üçün əlimdən gələni edərəm".
Həmsöhbətimiz şəraitləri haqda da söz açıb: “Hal-hazırda məşqləri Ağsu rayon Çiyni kəndində şəhid Niyazi Vahidov adına kənd stadionunda keçirik. Bu, həftənin cüt günlərində olur. Bu, Mikayıl İsmayılov tərəfindən öz kəndi üçün tikdirilib. Alınsa, AFFA ilə görüşüb Ağsu şəhər mərkəzi stadionunu icarəyə götürüb tək günlərdə də orda məşq keçmək istəyirəm. Həmin arena artıq təmirdən çıxıb və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşməyi planlaşdırmışam. Demirəm ki, stadionu havayı versinlər. Sadəcə, istərdim ki, müəyyən güzəştlə etsinlər. Çünki uşaq futbolunda oyunçular yetişdirirəm və gələcəkdə böyük bir futbol klubu yaratmaq istəyirəm. Hal-hazırda əsas hədəflərimdən biri ”Hilal"ı uşaq komandasından başlayaraq böyük futbola kimi inkişaf etdirməkdi. Müəyyən şəxslər var ki, dəstəklərini görürəm. Azər Bağırov, Ayxan Abbasov, Aftandil Hacıyev, Qurban Qurbanov sağ olsunlar, dəstək olurlar. Mən də öz növbəmdə fürsətdən istifadə edərək saytınız vasitəsilə onlara təşəkürümü çatdırıram. Bir sözlə, yoluma belə davam etmək qərarına gəldim".
38 yaşlı mütəxəssis PFL rəhbərliyindən də razılığını ifadə edib: “Sağ olsun Elxan Səmədov, Elgiz Abbasov zəng vurub işlərimlə maraqlanıblar. Elxan müəllim məşq ləvazimatlarıyla yardım edib. Azər Bağırov komanda üçün forma alıb. Yaxın, dost-qardaş bildiklərimə dəstək üçün müraciət edirəm. Allah hər kəsdən razı olsun!”.
İsayev uzun illər SOCAR-da məsul vəzifədə çalışmış, futbola bağlılığı da olan ağsulu Mikayıl İsmayılovun bir vaxtlar görüşünü də xatırlayıb: “Mikayıl müəllimin qəbulunda olanda, onda ”Ağsu City"nin baş məşqçisi idim. Mənə dedi ki, karyeranın başlanğıcındasan, səni izləyirik. Yaxşı nəticələrlə Ağsuya gəlsən, əlimizdən gələn dəstəyi biz də sənə göstərəcəyik.

Mən də növbəti mövsümdə ordan ayrıldım və “Qobustan”la nəticə verdim. Qobustan camaatı da, rəhbərliyi də bilirdi ki, bu, onlar üçün böyük, əlçatmaz bir nəticədi. Hər halda, mənə qədər 5 ildə belə nəticələri olmamışdı. Sadəcə, Ağsudan kənarda nəticə verdiyimdən sonra Mikayıl müəllim iş başında olmadı. Qəbulunda olanda demişdim ki, icazə versəniz sizin kəndinizdə - hal-hazırda məşqlərini keçdiyimiz Çiynidə turnir keçirim. O da buna müsbət cavab vermişdi. Bu yaxında orda “Zəfər kuboku” keçirdim. Ağsuda futbolu ayağa qaldırmaqdan ötrü çox canfəşanlıq edirəm. Ağsumuza, gənclərimizə, təhsilimizə və idmanımıza önəm verən Mikayıl İsmayılovun bizim də işlərimizə, Ağsuda futbolumuzun yenidən ayağa qalxmasına dəstək olacağına ümid edirik” .

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC