Azərbaycanın məşhur şahmatçıları ölkə çempionatında iştirak edəcək.
Bu barədə Presssport.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Turnirin açılış mərasimi yanvarın 31-də keçiriləcək.
Kişilərin yarışı olimpiya sistemi üzrə 26 idmançının iştirakı ilə təşkil olunacaq. Qadınların mübarizəsində isə 16 şahmatçının iştirakı gözlənilir.
Reqlamentə əsasən, şahmatçılar bir-biriylə iki dəfə - ağ və qara fiqurlarla mübarizə aparacaq. İki partiyadan sonra heç-heçə qeydə alınarsa, qalib tay-brekdə müəyyənləşəcək.
İlk dəfə olaraq ölkənin bütün aktiv şahmatçıları çempionluq uğrunda zəka mübarizəsinə qoşulacaq. Əvvəlcədən elan olunduğu kimi, milli komandanın bütün üzvləri, Beynəlxalq Şahmat Federasiyasının reytinqinə əsasən yüksək yerlərdə qərarlaşanlar və I dəstədə ən yaxşı nəticə göstərən qrossmeysterlər çempionluq uğrunda yarışacaq. Ümumilikdə qələbə uğrunda 19 ölkə çempionatının qızıl medalçısı, 5 Avropa çempionu, Dünya Kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri çıxış edəcək.
Azərbaycan çempionatında üçqat Avropa çempionları - Şəhriyar Məmmədyarov (rapid üzrə dünya çempionu), Teymur Rəcəbov (Dünya Kubokunun sahibi), Rauf Məmmədov, son ölkə çempionu Aydın Süleymanlı, Eltac Səfərli, o cümlədən Vasif Durarbəyli, İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov, qitə çempionu Eltac Səfərli, Məhəmməd Muradlı və digərləri mübarizə aparacaq.
Qadınlarda Avropa çempionu Ülviyyə Fətəliyeva, milli komandanın üzvləri – qitə çempionatının medalçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, eyni zamanda son çempion Ayan Allahverdiyeva, Türkan və Zeynəb Məmmədyarovalar çıxış edəcək.
Kişi şahmatçıların çempionatının mükafat fondu 90 min, qadınlarda isə 30 min manat təşkil edir. Reqlamentə əsasən, kişilər arasında çempionatın qalibi 20 min, qadınların turnirində 1-ci yerin sahibi isə 10 min manat qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC