Qurban Qurbanov FKSB-nin prezidentinin açıqlamasını normal hesab edir: "Biz də onları məğlub etmək istəyirik"

Avropa Liqasının VII turunda keçiriləcək "Qarabağ" - FKSB matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, Qurbanov daha sonra jurnalistlərin suallarını da cavablandırıb:

"İlin ilk Avroliqa oyunudur. Bu oyuna tam hazır olmaq bizim üçün çox vacibdi. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. FKSB çox yaxşı nəticələr göstərmiş komandadı. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq. Hazırıq da. Vacib qələbə əldə etmək istəyirik".

- Heyətdə itkilər var. Bu itkilərdən çıxış edərək, sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiniz?

- Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər - hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.

- FKSB-nin prezidentinin Gici Bekali deyib ki, komandası "Qarabağ"ı məğlub edəcək. Bununla bağlı fikriniz necədir?

- Normal. Bu, idmandı. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdu. Normal yanaşıram.

- Rəqiblər açıqlananda FKSB ilə bağlı nə düşünürdüz? Onları turnir cədvəlinin üst pillələrində görmək sizin üçün gözlənilməzdi?

- Rəqiblər açıqlananda elə bir ciddi fikrim olmadı. Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. Sadəcə, hazırlıq zamanı dəyişiklik olur. Amma FKSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var.

- FKSB-nin ən güclü tərəfi hansıdı?

- Futbol kollektiv oyundu. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir.

- "Qarabağ"ın sahibi Abdulbari Gözəl bəy bir neçə gün əvvəl vəfat etdi. Onun dünyasını dəyişməsi klub daxilində hansı ab-havanı yaradıb? Onunla bağlı düşüncələriniz necədir?

Ağır itkidi. Həm klub, həm də Azərbyacan futbolu üçün belədi. Onun "Qarabağ" və mənim, həmiçin Azərbaycan futbolu üzərində böyük haqqı var. Atdığı addımı düşünərək edən biri idi. “Qarabağ”ın uğuru üçün ürəkdən və sevərək addımlar atıb. Onun kimi insanın bizi tərk etməsi hər birimiz üçün böyük itkidi. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə qədər etsək də, hələ bunu yadımızdan tezliklə çıxara bilməyəcəyik. Allah rəhmət etsin!

- Avropa Liqasında 24-lüyə düşmək üçün bu matçda qələbə qazanmalısız. Bu məqam komandada psixoloji təsir edir?

Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Etdiyimiz kiçik uğurlardı. Onları etmək asan deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə, rəqibi də nəzərə almaq lazımdı. Asan komanda deyil

- Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Bununla bağlı komandaya tapşırıqlar vermisiz?

Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçulara hansı hakimin hansı məqama önəm verdiyi barədə məlumatlandırırıq. 

- Baş məşqçi kimi Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsio Regekampfın komandalarına qarşı oynamısınız. Hansı məşqçini daha güclü sayırsız?

Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addı. Futbolda böyük imzaları var. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, hər birinin futbolda böyük imzası var. Onlara uğurlar arzulayıram. 

- Uzun illərdir ki, "Qarabağ"a rəhbərlik edirsiz. Rumıniyada isə klublar tez-tez baş məşqçini dəyişirlər. Adətən maksimum 2 il işləyir məşqçilər. Rumın məşqçilərə məsləhətiniz nə olardı?

Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacam (gülür).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC