AFFA Region Liqasının təmsilçisi olan “Ağstafa Gəncləri” Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına müraciət edib.
Presssport.az xəbər verir ki, bu, adıçəkilən klubun rəsmi “Facebook” səhifəsilə reallaşıb.
Müraciəti diqqətinizə çatdırırıq:
"Hörmətli cənablar və xanımlar!
Biz, “Ağstafa Gəncləri” Futbol Klubunun rəhbərliyi və üzvləri olaraq, uzun müddətdir ki, rayonumuzun idman həyatında aktiv iştirak edir və Ağstafanı müxtəlif futbol yarışlarında təmsil edirik. Klubumuzun əsas məqsədi rayonumuzda futbolun inkişafına töhfə vermək, gənclərimizi sağlam həyat tərzinə təşviq etmək və idman vasitəsilə onları pis vərdişlərdən uzaq saxlamaqdır.
Lakin klubumuz hazırda bir sıra maddi çətinliklərlə üz-üzədir. Xüsusilə, komandanın forma və idman geyimlərinin alınması, məşq proseslərinin təşkili, nəqliyyat xərclərinin ödənilməsi, eləcə də rayonumuzu təmsil etmək üçün keçirilən turnirlərə qatılmaq kimi məsələlərdə maliyyə dəstəyinə ciddi ehtiyacımız var.
Bu baxımdan, Sizə müraciət edərək klubumuzun fəaliyyətini davam etdirməsi və daha yüksək nəticələr əldə etməsi üçün bizə maddi və mənəvi dəstək göstərməyinizi xahiş edirik. Sizin bu dəstəyiniz təkcə bir idman kollektivinə deyil, eyni zamanda Ağstafa rayonunun idman şöhrətinə və gənclərinin sağlam gələcəyinə verilən qiymətli töhfə olacaqdır.
Ümid edirik ki, Siz rayonumuzun gənclərinə və idmanın inkişafına dəstək göstərməkdə bizə kömək edəcək və gələcək uğurlarımıza birlikdə imza atacağıq.
Əvvəlcədən təşəkkürümüzü bildirir və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
“Ağstafa Gəncləri” Futbol Klubunun rəhbərliyi və futbolçuları"
Xatırladaq ki, AFFA Region Liqasının yeni mövsümünün püşkü martın 4-də atılacaq.
Turnirdə ilk oyunlar martın 8-9-da keçiriləcək. "Ağstafa Gəncləri" keçən mövsümdə qrupdan çıxaraq pley-offa iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC