Ehtiram Quliyev: "Hamı elə bildi ki, AFFA ilə qarşıdurma var, qərarın haqsız olduğu düşününük, amma anlayışla qarşılayırıq"

"Maraqlı oyun oldu. Matçın əvvəlində bizim oyun alınmadı. İkinci hissə üstünlüyümüz şəraitində keçdi. Çempionatımız elə mərhələyə gəlib ki, hər matç çox vacibdir. Təbii ki, üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olmaq bizi məyus edir. Amma növbəti oyunlara baxacağıq. Çempionat uzun marafondur. Ümid edirəm ki, lazım olan xalları yığacağıq".

Bu fikirləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib. Misli Premyer Liqasının 25-ci turunun “Zirə”yə Tovuzda 0:2 hesabıyla uduzduqları görüşdən sonra jurnalistlər üçün brifiqn keçirən Quliyev Presssport.az-ın əməkdaşının da suallarını cavablandırıb.

- AFFA İntizam Komitəsi "Turan Tovuz"u 20 min manat cərimələdi. Sizcə, haqlı idi?

- AFFA-nın qərarını anlayışla qarşılayırıq. Ölkə futboluna onlar nəzarət edir. Ancaq biz də klubun maraqlarını qorumaq üçün mövqeyimizi bildiririk, bildirəcəyik. Üzücü səbəb o oldu ki, AFFA ilə dialoqumuzun ən gözəl vaxtında belə hal baş verdi. Buna görə üzgünük. Hər kəs elə bildi qarşıdurma var, əslində, belə bir şey yoxdu. Bir çox mövzularda AFFA-nın bizə dəstəyi var. Stadion meyarlarının UEFA standartlarına gətirilməsindən tutmuş kadr potensialındakı çatışmazlıqların aradan qaldırılmasına qədər kömək edirlər. Dialoqumuz yüksək səviyyədə davam edir. Qərarın haqsız olduğu düşününük, amma anlayışla qarşılayırıq. Nə ilk cəza alan bizik, nə də sonuncu biz olacağıq.

- Apellyasiya müraciət edəcəksiz?

- Düşünmürük. Səbəbi haqsız olmağımız deyil. 

- Lakin elə anlaşıla bilər ki, haqsızsınız
- Sadəcə, gərginlik yaratmaq istəmirik. azarkeşlərimizin fikrinin oyunlara yönəlməsi baxımından belə uyğun hesab elədik Elə uyğun hesab ediblərsə, etiraz etmirik. Yenə İdarə Heyəti bununla bağlı toplanacaq. Əslində, böyüdüləsi nəsə yoxdu.

- İctimaiyyətdə belə fikir formalaşa bilər ki, bu məsələdə haqlı tərəf AFFA-dır...

- Biz elə düşünmürük. Klubun fikirlərini dilə gətirdik ki, oyun təxirə salınsın. İstədiyimiz çox böyük bir şey deyildi. Ola bilər ki, uyğun zamanda, uyğun mövqedə olmadı, başqa səbəblər var idi. AFFA da ölkə futboluna nəzarət edir. Yəqin ki, belə uyğun hesab elədilər. Böyüdüləsi bir mövzu deyil.

  • - Şəxsi fikrimdir ki, "Turan Tovuz"un bəyanatı AFFA-ya, "CBC Sport"a, PFL-ə qarşı deyildi, sırf şübhəli hakim qərarlarına idi...

- VAR sistemi niyə gətirilib? Hakim də insandır, görməyə bilər. Əsla qərəz düşünmədik. Haqsızlığın qarşısını almaq üçün belə bəyanat verdik. Klubun istəyidir də, dünyanın sonu deyil ki. Biz istədik, onlar da “yox” dedi. Sadəcə, oyunun təxirə salınmasını istəmişdik. "CBC Sport" da əziyyət çəkir. Onlar kimi, mən də o qar-boranda ora gedə bilmədim. Sadəcə,  düşündük ki, VAR olanda daha ədalətli idarəçilik olar, hakimin hansısa səhvi olsa, onu videotəkrara baxıb düzəldər. Görünür, etirazımızı düzgün zamanda, düzgün şəraitdə bildirməmişik. 

- AFFA hakim səhvləri ilə bağlı sübut istəyir...

- Elə deyil, onlar yəqin, konkret oyunla bağlı istəyirdi. Belə bir sübut yoxdu. Ondan sonra görüşümüz, normal şəkildə dialoqumuz olub. AFFA-nın yeni baş katibi ilə görüşmüşük, nüanslara aydınlıq gətirmişik.

- AFFA-nın qərarından sonra belə fikir var ki, sponsoru futboldan küsdürə bilərlər...

- Əsla! Üzüldüyüm şey o oldu ki, bunlar dialoqumuzun ən yaxşı vaxtında oldu. Orda peşəkar insanlar işləyir. Yeni qərarlar qəbul olunub. Biz klublar olaraq dəstək olmalıyıq. Biz özümüzə qarşı qərəzli mövqe hiss etmirik. Əksinə, daha müsbət, daha pozitiv addımlar hiss edirik. Bir çox sahədə bizə dəstək olurlar. Bundan sonra da hakim nöqsanları olsa, mövqeyimizi, etirazımızı bildirəcəyik. "Zirə" ilə matçda normal hakimlik oldu. Yaxşı şeyləri o qədər az dilə gətiririk ki, insanlar mövqe seçir. Əvvəl Hakimlər Komitəsinə təyinatla bağlı fikir bildirmişdim. Bu gün də deyirəm, çox gözəl təyinatdır. Keçən illə bu ili müqayisə etmək lazımdır. Çox dəyişikliklər olub. Hakimlər Komitəsi açıq-aydın fikrini deyir. Bəzən demirlər, onları da anlayışla qarşılayırıq. Biz sual veririk. Hər şey cavablana bilməz. Onların səssiz durması belə bizə mesajdır, əmin oluruq ki, haqlı mövqedəyik. UEFA-nın təlimatları var, hakimlərin səhvləri çox şişirdilməsin. Ona görə də hər şeyə reaksiya verilməməsini anlayışla qarşılayırıq. "CBC Sport" komandası ilə bağlı mənfi fikirlərimiz yox idi, hava şəraitini biz də görürdük. Oyuna mən də gedə bilməmişdim. Onlar çox əziyyət çəkirlər. Oyun azarkeşlər üçündür. İstəyirdik ki, həm bizim, həm rəqibin azarkeşləri oyuna baxsınlar. Böyüdüləsi bir səbəb yoxdur. Hamımıza təşəkkür edirəm.

- Klub rəhbəri olaraq komandanın göstərdiyi oyun sizi nə dərəcədə qane edir?

- Bu dəqiqə bizi futboldan daha çox nəticələr düşündürür. Nəticə verməliyik, iboyu çəkilən əziyyətlərin bəhrəsini görməliyik. Zədələr, əskiklərimiz oldu. Yavaş-yavaş toparlanırıq. Ümid edirəm ki, qış transferlərimiz də var komandaya uyğunlaşandan sonra daha yaxşı olacağıq. Az qaynağımızı əlverişli istifadə etdik. Gün keçdikcə komanda yaxşı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC