MOK-da WAKO rəsmiləri ilə görüş olub - Bakıda keçirilə biləcək Avropa çempionatı müzakirə olunub

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və qurumun vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı ilə görüş olub.

Presssport.az xəbər verir ki, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov, vitse-prezident Eduard Məmmədov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov və mətbuat katibi Murad Fərzəliyev iştirak edib.

Qonaqları salamlayan Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu qeyd edib. Kompleks yarışlarda kikboksinq idman növünün təmsil olunduğunu deyən MOK vitse-prezidenti bu idman növündə kifayət qədər uğurlar qazanıldığını diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən WAKO-nun prezidenti ölkəmizə səfəri barədə məlumat verib. Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının keçirilə biləcəyini söyləyən Beyker bunun üçün danışıqların yüksək səviyyədə davam etdiyini qeyd edib.

Hüseynzadə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı Milli Olimpiya Komitəsinin Kikboksinq Federasiyasına dəstək olacağını bildirib.

Görüşdə MOK-un baş katibi kikboksinq idman növünə ölkəmizdə diqqət göstərildiyini və bu idman növü üzrə təmsilçilərimizin Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında qazandıqları uğurlardan danışıb.

Görüş zamanı çıxış edən WAKO-nun vitse-prezidenti Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. 2027-ci ildə Bakıda kikboksinq üzrə Avropa çempionatının keçirilməsi məsələsinin gündəmdə olduğunu deyən Kayıcı sona qədər dəstək göstərəcəklərini qeyd edib.

Kikboksinq idman növünün ölkəmizdə populyarlığından danışan Azərbaycan Kikboksinq Federasiyanın prezidenti bu gün ölkəmizdə 200-dən çox klubun qeydiyyatdan keçdiyini və 10 mindən çox idmançının bu idman növü ilə fəal məşğul olduğunu deyib. O qeyd edib ki, 2027-ci ildə Bakının Avropa çempionatına ev sahibliyi etməsi və qitənin ən güclü döyüşçülərinin paytaxtımızda toplaşması diqqətləri ölkəmizə cəlb edəcək.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC