Murad Musayev "Sabah"ın hazırkı nəticələrinə sevinir, millini çalışdırmağı böyük şərəf sayır: "Hər oyunda 8 km qaçarkən qalib gəlmək mümkün deyil"
“Sabah”ın 7 illik tarixində ən yaxşı nəticələrə imza atan - keçən mövsüm Premyer Liqada ilk medal (gümüş) qazandıran və ilk dəfə avrokuboklara vəsiqə qazandıran baş məşqçi Murad Musayevlə istefa verəndən sonra müsahibə götürmək istəyirdim. Bu, fevralın ilk günlərində ona görə baş tutmadı ki, 41 yaşlı mütəxəssis Vətəninə yollanaraq söhbəti sonraya - rahatlaşıb soyuq başla etməyi daha məqsədəuyğun saydı. Murad Oleqoviç bu arada Bakıya gəlib bəndənizinlə əlaqə saxlayaraq görüşmək üçün vaxtının olmadığını desə də, müsahibəylə verdiyi sözə əməl edərək suallarımızı cavablandırdı.
- - Bakıya qısamüddətlik səfəriniz nəylə bağlı idi?
- - Bakıda yalnız 1 gün oldum. Səfərim əşyalarımı yığmaq və bank məsələlərini bağlamaqla bağlı idi.
- - Vəziyyəti soyuq başla analiz edəndə, gedişinizi nəylə əlaqələndirərdiniz? Qərarınızda həlledici nə oldu?
- - Ayrılmaq qərarı soyuq başla qəbul olundu. Komandada son aylarda baş verənlər məni qane etmirdi. İlk iki mövsümümdə həmfikirlərdən ibarət komanda yaratmağa, komanda sürətinə, aqressivliyinə və kombinasiyalı oyuna əsaslanan öz oyun üslubumuzu yaratmağa nail olduq. Bu, bizi Azərbaycanda hamıdan fərqləndirdi. Və işimiz nəticə ilə məmnunluq gətirdi. İndi ya iki mövsüm üzərində işlədiyimizdən əl çəkməklə oyun tərzini dəyişmək, ya da getmək lazım idi. Mən ikincini seçdim.
- - “Sabah” gedişinizdən sonra uduzmur və hətta "Qarabağ"a 2 oyunda 7 qol vurdu. Həmin "Qarabağ" ki, 1 oyunda ondan elə 7 qol buraxmışdı və həmin 1:7-dən sonra istefa verdiniz. Keçmiş komandanızın nəticələrini necə qəbul etdiniz?
- - Bu nəticələrə şadam. İndi bunun uğurlu olması vacibdi. “Sabah”a bundan sonra qalib gəlməyə davam etməyi arzulayıram. Məşqçi gedəndə klub üçün çətin olur. Qısa müddətdə düzgün qərarlar qəbul etmək lazımdı.
- - Keçmiş köməkçiniz Ruslan Qafitullin “Qarabağ”la oyunsonrası mətbuat konfransında bildirib ki, ola bilər Murad Musayevin tələbkar olması futbolçulara təsir göstərib, hazırkı baş məşqçi əvəzi olan İqor Ponomaryov isə 1:7-dən sonra futbolçulara sərbəstlik verib. Bu haqda şərhiniz maraqlıdı…
- - Bəli, tələbkaram. Mənim anlayışımda çox və güclü çalışmaq lazımdı. Yalnız təklif etdiyimiz şeyi etsəniz, yaxşı nəticə və futbolçular üçün şəxsi inkişaf olacaq. Ən asan şey stress etməmək, axınla getmək və rahat yaşamaqdı. Zirvəyə qalxmaq və orda qalmaq üçün çox çalışmaq lazımdı. Hər oyunda 8 km qaçarkən qalib gəlmək və strukturdan ayrı meydanda mövcud olmaq mümkün deyil.
- - Necə düşünürsünüz, "Sabah" ardıcıl 2-ci mövsüm Premyer Liqamızın medalçısı olaraq Konfrans Liqasına vəsiqə qazana biləcək?
- - Üçüncü yer yaxındı. Təbii ki, kluba yalnız ən yaxşısını arzulayıram. Ümid edirəm ki, hər şey alınacaq.
- - Gürcü hücumçu David Volkov gedişinizdən sonra “Zirə”yə qayıtmaq istəyirdi və bu, son anda baş tutmadı. Bilmək olar, sizin vaxtda qış fasiləsində belə variant vardı?
- - Davidə “Zirə”dən yanvarda maraq vardı. Ancaq qərara gəldik ki, onu buraxmayacağıq.
- - Rusiyadan, yaxud digər ölkələrdən ölkələrdən təklifiniz var? Ən əsası, Azərbaycan millisinin boş qalan baş məşqçi postunu tutmaq təklifini alsanız, bunu qəbul edərsiniz?
- - Millini çalışdırmaq böyük şərəf olardı. Başqa təkliflər haqqında deyiləsi bir şey yoxdu. İndi dincəlirəm, keçmiş və gələcək işlərin təhlilliylə məşğulam.
- - “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla səfər matçını 4:2 hesablı qələbəsiylə bağlı nə deyə bilərsiniz?
- - Oyunu izləməmişəm, şərh verə bilmərəm.