"Antalyaya yollanmamağımızın bir zərəri olmayacaq" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 42 yaşlı mütəxəssis Presssport.az saytının əməkdaşını da iştirak etdiyi brifinqdə ilk olaraq 2:1 hesablı qələbə qazandıqları matç barədə fikirlərini açıqlayıb. - Qış fasiləsindən sonra ilk oyunumuz idi. Buna baxmayaraq, yaxşı, sürətli, keyfiyyətli qarşılaşmaya şahid olduq. Bu yoldaşlıq matçı bir daha göstərdi ki, bizi çempionatın ikinci yarısında maraqlı, gərgin mübarizə gözləyir. Hər iki komanda bu gün çox istəkli idi. Futbolçular qələbə qazanmaq üçün hər şey edirdilər. Sanki çempionatda heç fasilə deyil. Oyunçuların motivasiyası çox yüksək idi. Bu, bir tərəfdən bizi sevindirir. Digər tərəfdən də mövsümün ikinci yarısının nə qədər gərgin olacağını göstərir. - Komandanızın bu günə olan hazırlıq səviyyəsi sizi nə dərəcədə qane edir? - Çox qısa dövr hazırlıq keçmişik. Bu matçdan sonra 4 gün hazırlıq keçərək, yanvarın 15-də “Qarabağ”la yoxlama oyunumuz var. Ondan sonra artıq çempionatın rəsmi matçına hazırlaşacağıq. Yəni, hazırlıq üçün çox vaxtımız yoxdu. Vaxt az olsa da, çalışırıq ondan səmərəli istifadə edək. - “Zirə”dən fərqli olaraq medallar uğrunda mübarizədə əsas rəqiblərinizin demək olar ki, əksəriyyəti hazırda Antalyada hazırlıq keçir. Bu məqam çempionatda ziyanınıza işləməyəcək? - Vaxtın qısa olduğunu nəzərə alıb təlim-məşq toplanışını Bakıda keçmək qərarına gəldik. Əvvəldən yalnız “Qarabağ”la yoxlama matçı nəzərdə tutulmuşdu. Sonradan məlum oldu ki, “Araz-Naxçıvan” kimi rəqiblə üz-üzə gəlmək şansımız da var və bu, çox yaxşı oldu. Düşünürəm ki, Antalyaya yollanmamağımızın bir zərəri olmayacaq. Amma ən dəqiqini gələcək göstərəcək. - Yeni transferiniz Rafael Utsiqin durumu necədi? - Hələ ki fərdi məşq edir. Son rəsmi oyununu noyabrın 11-də keçib. Demək olar ki, iki aydır komanda məşqlərindən kənardı. Buna görə də formasını bərpa etməsi bir qədər zaman ala bilər. İstərdik ki, qısa müddətdə formasını bərpa edib komandaya fayda versin. - Yayda Ruan Renatonun gəlişindən sonra digər “Qəbələ”li Utsiqin də “Zirə”yə keçəcəyi deyilirdi. Rafaellə həqiqətən də həmin vaxt maraqlanırdınız? - Onun klubla müqaviləsi bitmişdi. Bilirdik ki, sözləşməsini uzatmır. Bəli, həmin vaxt da bu futbolçuya marağımız var idi. Amma indi daha israrlıydıq. - Rafael Utsiq və Ceyhun Nuriyevin gəlişindən sonra hücum xəttində canlanma olacaq? - Əsas hədəfimiz də hücum xəttini gücləndirməkdi. Danışıqlar davam edir. Daha bir futbolçunun transfer olunmasını istərdim. Lakin indidən alınıb-alınmayacağını deyə bilmərəm. - “Neftçi”nin hücumçusu İqor Boqomolskinin “Zirə”yə gəlmək şansı hələ də qalıb? - Yayda da ona istəyimizi bildirmişdik. İndi də Boqomolski bizim üçün maraqlıdı. Hələ ki “Neftçi” onu hansısa kluba vermək barədə düşünmür. - Ukraynalı hücumçunuz Vladislav Kulaçın komandadan gedəcəyi barədə yayılan xəbər nə dərəcədə doğrudu? - Bizim kimi komandalarda hər an hansısa futbolçuya təklif olsa, bu, müzakirə edilə bilər. Çünki bu gün “Qarabağ” səviyyəsində deyilik ki, sərfəli təklif gəldikdə futbolçumuzu heyətimizdə saxlayaq. Bizdə hər an hər şey baş verə bilər. Məlum olan odur ki, Andriya Lukoviç gedib. Bu heyətlə hazırlıqlarımız davam edir. Sabah nə olacağıını isə indidən demək çətindir. - Pərviz Azadov bu gün özünü yaxşı tərəfdən göstərdi. Mövsümün ikinci yarısında ona daha çox şans verməyi düşünürsünüz? - İstedadı ilə bağlı müzakirə getmir, bu, məlumdu. Yetər ki zədələnməsin. Bu halda oynamaq şansı mütləq olacaq. Son 1-2 ayda şükür ki, zədələnməyib, stabil məşq edir. - Braziliyalı forvardınız Filipe Paxtman zədəsini bərpa edib? - Hələlik fərdi məşq edir. Yəqin ki komandaya qoşulmağı 2-3 həftə çəkəcək. - Qış fasiləsinə yaxın qeyd etmişdiniz ki, Paxtman inandığım, amma bəxtsiz futbolçudu və onunla gələcək taleyi ilə bağlı söhbətimiz olacaq. Paxtmanı komandada saxlayacaqsınız? - Ən azı yaya qədər birlikdə olacağıq. Nə qədər zədələnsə də, meydanda az olsa da, komanda üçün nəticələr əldə edib. “Turan Tovuz”la matçda da vacib qola imza atdı. Amma yenə də zədələndi. Düzdür, tam hazır deyildi. Mən o oyunda bir az risk etdim. Ona görə də həmin an qərar qəbul etdim ki, ən azı yaya qədər birlikdə olacağıq. - Bu gün həm də ehtiyat qapıçı Anar Nəzirova şans verdiniz. Qışdan sonra onu rəsmi matçlarda da meydanda görməyimiz mümkündü? - Bəli. Anar təcrübəli futbolçularımızdandır, kapitanlardandır. O da hər an meydana çıxa bilər. - Qış fasiləsi formada olan komandaların ziyanınadır, yoxsa xeyrinə? - “Qarabağ”dan başqa “Zirə” də daxil olmaqla digərləri haqda yüz faiz formadadır deyə bilmərik. Çünki 9 klubun hamısı mövsümün müəyyən vaxtlarında enişdə olub, müəyyən vaxtlarda yüksəlişdə. Bu, istər oyun, istərsə də nəticə baxımındandı. Ona görə də dəqiq deyə bilmərik ki, formadaydıq, fasilə ziyanımıza işləyəcək. Düzdür, fasiləyə 2-ci yerdə yollandıq. Amma son turlar qələbə qazana, hətta qol da vura bilmədik. Bununla belə, “Turan Tovuz”la matçda vacib qələbə qazanmaqla Kubokda 1/4 finala yüksəldik. Odur ki, bu suala dəqiq cavab vermək olmur. Çalışırıq ki, fasilədən maksimum faydalanaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC