İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində iştirak edən Azərbaycan milli komandası Vətənə qayıdıb.
Presssport.az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, komandamızın yarışda çıxışı çox yüksək qiymətləndirilməlidir: “113 ölkə arasında lisenziya qazanmaq təqdirəlayiq haldır. Nəzərə alaq ki, bir çox ölkə, o cümlədən Ermənistan və Gürcüstan vəsiqəyə sahib ola bilmədi. İndiyədək kişilər arasında 3 lisenziya qazanmaqla, dünya ölkələri sırasında 7-11-ci yerləri bölüşürük. Əminik ki, Tailandda keçiriləcək növbəti təsnifat turnirində digər 4 çəkidə də uğur qazana biləcəyik. Eyni zamanda, qadın boksçulardan ibarət milli üçün də əlavə proqram hazırlamışıq. Onların da lisenziya qazanacaqlarına ümid edirik. Əminik ki, Paris-2024-ə kişi boksçularımız maksimum vəsiqə ilə yollanacaq”.
O, son illərdə federasiyanın fəaliyyətində ciddi dəyişikliklər olduğunu, aparılan islahatlar nəticəsində Avropa və dünya çempionatlarında kifayət qədər ciddi nailiyyətlər əldə edildiyini, 2022-ci ildə 77 medal, 1 il sonra bu rəqəmin 179-a yüksəldiyini də vurğulayıb: “Bu, göstərir ki, apardığımız siyasət doğrudur. Paris-2024-də nəticələr daha da yaxşı olacaq”.
Kişi boksçulardan ibarət millinin böyük məşqçisi Nəriman Abdullayev yarışın çox gərgin keçdiyini və turnirə dünyanın ən güclülərinin qatıldığını deyib: “Boksçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Nicat Hüseynov 4 döyüş keçirdi və titullu boksçular qarşısında öz sözünü dedi. Fikirləşirik ki, o, Olimpiadada da medal qazanacaq. Qarşıda daha bir lisenziya yarışımız var. Söz veririk ki, orada da vəsiqə qazanacağıq”.
İtaliyada Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Nicat Hüseynov yaxşı hazırlıq keçdiklərini və bunun nəticəsində uğura yiyələndiyini bildirib. Onun sözlərinə görə, hər bir görüşü çətin keçsə də, inamlı taktika sayəsində uğur qazanıb. Hüseynov Paris-2024-də də Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün Oyunlara var gücü ilə hazırlaşacağını deyib.
Onun şəxsi məşqçisi Vüqar Ağalarov isə yetirməsinin uğur qazanacağına əvvəldən də inandığını qeyd edib. O bildirib ki, bu, hamımızın, Azərbaycanın qələbəsidir: “Nicat 51 kq çəki dərəcəsində ən cavan boksçulardan biri idi və inanıram ki, onun daha böyük uğurları irəlidədir”.
II Dünya Olimpiya Təsnifat Turniri mayın 23-dən iyunun 3-dək Tailandda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC