"Professor" "çox ağır olacaq" deyir: "İştaha artıb ki, “Bayer”ə qarşı oynamaq olar və "Qarabağ" öz oyununu diqtə etməyə çalışacaq"

“Deyə bilərəm ki, "Qarabağ” üçün bugünkü oyun çox ağır olacaq. Çünki “Bayer” həm evdə oynayır, həm də daha aqressiv, cəld, sürətli oynamağa çalışacağını düşünürəm".

Bu fikirləri Presssport.az-a açıqlamasında PRO kateqoriyalı mütəxəssis Mahmud Qurbanov deyib.

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə Almaniyada bu axşam keçiriləcək cavab matçından gözləntilərini bölüşən 51 yaşlı məşqçinin fikrincə, çox çətin sınaqdan üzüağ çıxmaq mümkündü: “Hər halda, ”Qarabağ"ın ilk matçdakı yaxşı oyunu və yaxşı nəticəsi futbolçuların özlərinəinamını daha da artırıb. Belə deyək, daha da iştaha gəlib ki, “Bayer”ə qarşı oynamaq olar. Fikrimcə, bundan irəli gələrək təmsilçimiz meydançada öz oyununu oynamağa, diqtə etməyə çalışacaq. Hesab edirəm ki, bu oyun da ilk matç kimi çox maraqlı, çox gərgin keçəcək. Bakıdakı qarşılaşmada da göründü ki, “Qarabağ”ın futbolçuları Bundesliqanın liderindən heç də çəkinmirlər. Əksinə, daha da istəklə oynayırlar. Bu amillər bugünkü oyunda “Qarabağ”a kömək edə biləcəyini fikirləşirəm. Bilirsiniz, demək çətindi, əvvəl püşk atılanda hammız deyirdik ki, cütün favoriti “Bayer”di. Lakin indi iştaha gəlib və avrokuboklarda olan yeganə təmsilçimizdən cavab görüşündə də yaxşı nəticə gözləyirik. Şansa gəlincə, üstünlük yenə də almanların tərəfindədi".

Qurbanov Ağdam klubunda cəzalıların qayıdışını müsbət hal sayır: “Elvin Cəfərquliyevlə Julio Romaonun dönüşü əlbəttə ki, yaxşıdı. Hər ikisi “Qarabağ”da önəmli futbolçudu. Romaonun meydanda iş əmsalı çox böyükdü. Mübarizələrdən qorxmur, çoxundan qalib çıxır. Bu da öz aqressivliyi, sərtliyi hesabına olur. Bu gün meydanda olsa, komandaya çox xeyir verə bilər. Həmçinin Elvin çox sürətli futbolçudu - istər müdafiədə, istər də hücumda. Amma onu da deyim ki, ilk matçda onların yerləri heç də görünmədi. Çünki o mövqedə oynayan futbolçular heç də pis deyildilər”.

Məlumdu ki, “Bayer”lə matçda 1 qol vuran, 1 məhsuldar ötürməsi verən braziliyalı hücumçu Juninyo Olavio zədə aldığından “BayArena”dakı qarşılaşmada əsas heyətdə oynaması sual altındadı. “Professor” buna da toxunub: “Əlbəttə ki, Juninyonun zədələnməyinin və nəticədə əsas heyətdə yer almamağının “Qarabağ”a hücumda mənfi təsiri mümkündü. Amma həmin mövqedə Nəriman Axundzadə var. Hansı ki, o da rəqib müdafiəsini gərginlikdə saxlaya bilir. Çox istəkli, top almağı xoşlayan, meydanda yaxşı açılan, rəqibləri aldatmaq istəyən - belə keyfiyyətlərə malik olan hücumçudu. Düşünürəm ki, Nəriman da ”Bayer"in müdafiəçiləri üçün başağrısı ola bilər. Təbii ki, Juninyo start heyətdə olmasa. Həm də Axundzadənin son matçlarda vurduğu qollarla yavaş-yavaş püxtələşir və matçdan-matça oyun keyfiyyətlərini yaxşılaşdırır. Hər halda, Nəriman da pis variant deyil".

Xatırladaq ki, “Qarabağ" Bakıda "Bayer”lə 2:2 oynayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC