"Qurban Qurbanovdan heç vaxt qorxmamışam, ancaq hörmət etmişəm. Gənc və ehtiyatsız idim. O, "Qarabağ"a gələndə ilk addımlarımızı birlikdə atdıq. Çünki məşqçilik karyerasına yeni başlamışdı".
Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev "Metaratings" nəşrinə müsahibəsində deyib.
35 yaşlı müdafiəçi Qurbanovun 2008-ci ildə Ağdam təmsilçisinə gəlişini xatırlayıb: "Yaxşı və pis vaxtlarımız olub. Amma həmişə birlikdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirəm. Başa düşürdü ki, qanım qaynayır, meydanda və ondan kənarda çox səhvlər etdim. Həm də bəzi problemlərim olanda belə, həmişə onunla məsləhətləşmişəm".
Medvedevin sözlərinə görə, Qurbanov həmişə onun problemlərinin həllini tapmağa çalışıb: "Çünki o, özümü meydanda nə qədər çətinə saldığımı və uduzmağı sevmədiyimi başa düşürdü. Demək olar ki, bütün karyeramızı birlikdə yaşayırıq və nailiyyətlərimizi birlikdə əldə edirik".
Medvedev Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara biləcəklərini söyləyib. O, hazırda bu ölkənin təmsilçilərinin yalnız öz aralarında oynadığını xatırladıb: "Avrokuboklara getmədikcə, səviyyə daha da düşəcək. Nəticələrimizə baxsanız, məncə, çoxları "Qarabağ"ın çempionluq uğrunda mübarizə apara biləcəyi ilə razılaşar".
Medvedev daha əvvəl Rusiya klublarından təklif gəlməsi barədə danışaraq, nümayəndəsinin bu barədə daha çox bildiyini diqqətə çatdırıb: "Dedi ki, bu çempionatda asanlıqla oynaya bilərəm. Amma "Qarabağ" həmişə mənim üçün prioritet olub. Başqa təkliflər də olurdu. Lakin hər zaman son dəqiqəyə qədər gözləmişəm ki, görüm klubla bağlı vəziyyət necə inkişaf edəcək. Bu komanda ilə hər şey qaydasında getdiyinə görə başqaları ilə danışıq aparmağa belə cəhd etmədim. Hər şeydən razıyam, ailəm burdadı, hamını tanıyıram və özümü rahat hiss edirəm. Bu səbəbdən qeyri-müəyyən bir şey üçün dəyişiklik barədə düşünmədim. Bu, yaxşı və ya pis ola bilər. Ona görə də sabitliyi və təhlükəsizliyi seçdim".
Maksim 2009-22-ci illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, 4 qol vurub.
O, 1 ildir çağırılmadığım üçün öz içimdə milli komanda ilə vidalaşdığını vurğulayıb: "Milliyə dəstək azdı, çünki millinin nəticələri zəifdi. Yaxşı motivasiya lazımdı. Yeddi ildir məzuniyyətim olmayıb. Çünki o günləri millinin düşərgəsində keçirmişəm. Hər yerdə vaxtında olmaq lazımdı. Onsuz da psixoloji cəhətdən çətin idi”.
O, vaxtilə kapitanı olduğu Azərbaycan yığmasının Avropa çempionatına vəsiqə qazanan Gürcüstan və Ukraynanın uğurunu təkrarlaya bilməməsini qeyri-sabitlikdə görür: “Sabitlik yoxdur, çünki Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişir. Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə gəlir. Məsələn, klublarda müdafiəçilərin bəziləri 4-lü, bəziləri 5-li oynayırlar. Komanda bir-birinə öyrəşməlidi. Ancaq müxtəlif sxemlərə görə bu çətindi. Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmirdi. Həmçinin gənclərdən ibarət komandaları da gücləndirmək lazımdı. Avropa çempionatında komanda sayının 24-ə yüksəldilməsini zəif millilər üçün şans hesab edirəm. Bu dəyişikliklər ona görə idi ki, nisbətən aşağı səviyyədə olan komandaların vəsiqə qazanmaq şansı olsun. Bu, müsbət tendensiyadı”.
Maksim karyerasının sonunun yaxınlaşdığını, karyerasını bitirdikdən sonra da bu sahədə qalmağı planlaşdırdığını bildirib: “Futbolda qalmaq, biliklərimi yeni nəsillərə ötürmək istərdim. Gənclərlə ünsiyyət qururam, onlara doğru yolu göstərirəm, stresdən necə çıxmalı olduqlarını izah edirəm. Komandada qalmaq istərdim, amma seçim etməliyəm. Çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim çoxlu sahələr var”.
34 yaşlı müdafiəçi çalışa biləcəyi vəzifələri sadalayıb: “Çoxları deyir ki, idman direktoru, məşqçi ola və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansının daha yaxşı olduğunu dəqiq bilmirəm. Minimumdan maksimum yararlanan məşqçi ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Məşqçilik kateqoriyam yoxdu, amma bilik baxımından özümü ilkin kateqoriyalara yaxın hiss edirəm”.
Xatırladaq ki, “Qarabağ”ın yetirməsi olan Medvedev 2006-cı ildən əsas komandada çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC