"Onları orada “bişirmək” istəyirik ki, Avropa çempionatında oynamaq onlar üçün daha rahat olsun" - millimizin baş məşqçisi

Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev müsahibə verib. Presssport.az xəbər verir ki, o, Azərbaycan çempionatındakı pley-off mübarizəsindən və bu gün baş tutacaq Avropa çempionatının püşkatmasından danışıb. 

- "Zirə" müntəzəm mövsümdə maksimum nəticə göstərsə də, pley-off görüşündə "Aznur"a uduzması sizin üçün gözlənilməz nəticə idi?

Fikrimcə, "Zirə" qələbə qazanmalı idi. Bu sensasiya liqanın nə dərəcədə güclü keçməsindən xəbər verir. “Zirə” müntəzəm liqada 15 oyunun hamısını qazanmışdı. Amma böyük komandaların hamısında belə hallar olur. Bəzən 15-20 oyundan bir komanda özünə oxşamır. "Zirə" də bu görüşdə özünə bənzəmirdi. Pley-off oyunu idi, komandalar toparlanıb 1-2 oyunda güclü oynaya bilirlər. Gələn həftəni gözləmək lazımdır, görək hansı nəticələr qeydə alınacaq. Mənim üçün daha yaxşıdır. O mənada ki, komandaların hamısı güclənir. Onlar nə qədər güclü olarsa, millimizə də güclü oyunçular seçiləcək.

- Millinin heyətinin yarısını "Zirə"nin futbolçuları təşkil edir. Bu komandanın növbəti mərhələyə keçə bilməməsi milli üçün Avropa çempionatı öncəsi problem yarada bilər? Hər halda, futbolçuların oyun praktikasından əziyyət çəkmək təhlükəsi var...

Aprelin 22-də milli ilə Monteneqroya gedəcəyik. "Zirə" pley-off mərhələsində uduzub dayanarsa, bu düşür 10-na. Orada cəmi 10 gün vaxt qalır. Bu da elə böyük problem yarada bilməz. Monteneqrodan qayıtdıqdan sonra da cəmi bir final matçı var. Millinin məşqləri onsuz da davam edəcək. 20 günlük vaxtımız olacaq. Çalışırıq ki, finala çıxmayan komandaların oyunçularını götürüb məşqlərə davam edək. Çünki taktiki tərəfdən böyük işimiz var. Künc zərbələri, cərimə zərbələrinin heç birini yeni oyunçularla işləməmişik. Çox vaxtımız yoxdur. Bizə yarayan oyunçuları götürüb onlarla hazırlaşacağıq. Çempionatdakı final görüşündən sonra da qalan futbolçuları milliyə cəlb edəcəyik. Deməyim odur ki, bir il ərzində uduzmayan komanda bir günə uduzursa, həmin futbolçunu da silmək olmur. Yüksək səviyyədə oyunlar oynayırlar. Gördüyüm qədərilə, “Zirə”də çox böyük yorğunçuluq var idi. Çünki futbolçuların yarısı Azərbaycanda böyük futbolda da oynayırlar. Nə qədər icazə verməsək də, millinin baş məşqçisi kimi o qədər də səlahiyyətimiz yoxdur. Gərək klublar həmin oyunçulara icazə verməsin. Böyük futbolda aşağı liqada, həvəskar liqada oynayırlar. Bizdə də böyük pullar olmadığına görə, futbolçular məcburiyyətdən elə yerləri seçirlər. Baxıram minifutbol komandalarımıza, "Zirə", “Real Bakı”, “İnter”in oyunçuları böyük futbolda aşağı liqada çıxış edir. İki yerdə çatdırmaq nə dərəcədə mümkündür? Bunu oyunlarda görürük. İkinci Liqanın ikinci dövrəsi yeni başlayıb. “Zirə”nin oyunçuları böyük futbolda fasilə olan zamanı minifutbolda özlərini yüksək səviyyədə göstərdilər. Oradakı oyunlarda, buradakı məşqlər və oyunlar üst-üstə düşəndə, yorğunçuluq öz sözünü deyir. Futbolçular dəmirdən deyil ki. Fikrimcə, futbolçular peşəkar olmalıdırlar. Səkkiz ay, bir il əziyyət çəkdikləri işin axır nöqtəsini qoya bilmirlərsə, demək ki, çatışmazlıqları var. Bəlkə xarakterdə problem var. Bunun üstündə işləmək lazımdır. Fikirləşməlidir ki, bir il əziyyət çəkirik, 15 günə çempion ola bilərəm, bunu əldən verirəmsə, demək üzərində işləmək lazımdır.

- Millimizin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olacaq. Hansı komandaları arzulayırsız?

Bir tərəfdən, güclü komandalardan birinin bizim qrupda olması yaxşıdır ki, onlarla finala qədər oynamayacağıq. Digər tərəfdən çətindir ona görə ki, qrupda daha çətin rəqiblərlə çox güc itirirsənsə, qrupdan çıxandan sonra toparlanmaq çətin olur. Xeyirlisi, görək də. Amma çətin komandalar var. Təsəvvür edin, İspaniya kimi komanda 4-cü səbətdədir. Dünya çempionatında onları çox bəyəndim. Çexiya, Macarıstan kimi komandalar ikinci səbətdə yer alıb. Birinci səbətdə isə Bosniya və Herseqovina düşüb, hansı ki, o səviyyədə deyil. Onlar da ev sahibidir deyə, belə olub. Portuqaliya çox güclüdür, amma üçüncü səbətə daxil ediblər.

- Monteneqrodakı turnirdə iştirak edəcəksiz. Orada hər zaman Avropa çempionatının favoriti olan Rumıniya da yer alıb. Yəqin ki, onlarla qarşılaşsaz, Avropa çempionatı öncəsi bütün kartları açmayacaqsız?

Böyük heyətlə gedirik. Oyunçuları yoxlayacağıq. Ancaq bilmək olmaz Avropa çempionatında Rumıniya ilə qarşılaşacağıq, ya yox. Dünya çempionatı öncəsi Çexiya ilə yoldaşlıq görüşü keçirdik, amma rəsmi turnirdə heç onlarla oynamadıq. Biz Rumıniya ilə Avropa çempionatında qarşılaşacağıqsa, yoldaşlıq görüşündəki taktika ilə oynamayacağıq. Rumıniya ilə yoldaşlıq görüşündə əsas fikrimiz qalib gəlmək yox, oyunçuların bu cür rəqiblərlə görüşü hansı səviyyədə oynamağa qadir olduğunu görməkdir. Yeni oyunçularımız var, görəcəksiz. Onları orada “bişirmək” istəyirik ki, Avropa çempionatında oynamaq onlar üçün daha rahat olsun. Hamısı təcrübəli, keyfiyyətli oyunçulardır. Amma nə qədər olmasa da, minifutbol başqadır, böyük futbol başqa.

- Böyük futbol deyəndə, belə çıxır ki, millinin sabiq futbolçularından ibarət olan “İnter”dən də kimlərisə götürəcəksiz?

Orada olanlar da diqqətimizdədir, “Real Bakı”nın oyunçuları da, digərlərinin də. Hər komandaya baxırıq ki, səhv etməyək, ən güclüləri götürək. Kim döyüşürsə, keyfiyyəti varsa, formadadırsa, milliyə onu cəlb edəcəyik.

- Avropa çempionatı üçün millinin heyətini müəyyənləşdirmisiz, yoxsa Monteneqrodakı turnirdən sonra bəlli olacaq?

Yox, Monteneqrodan sonra bilinəcək. Hələlik, böyük heyətlə ora gedirik. Amma daha sonra heyəti biləcəyik. Bilirsiz, ildən-ilə istər-istəməz hansısa futbolçuda güc azalır. Kimdəsə yaşla əlaqədardir. Görürsən ki, keçən ilki futbolçu deyil. Məcbursan ki, başqası ilə yeniləyəsən, daha fiziki güclü, daha çox temp yarada biləcək oyunçunu milliyə götürəsən. Şükür Allaha, futbolçularımız var. Çalışacağıq ki, Avropa çempionatına ən güclü futbolçularımızla gedək. Bizim üçün fərqi yoxdur. Məsələn, keçən il özünü yaxşı tərəfdən göstərən oyunçular var ki, bu il formada deyillər. Demək ki, onları aparmayacağıq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC