Lider səfərdə büdrədi

Kişi həndbolçuların Azərbaycan çempionatında XVII turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, lider “Kür”“Bakı”nın qonağı olub. “AHF Arena”da keçirilən oyunu Ləman Həmidova ilə Aydan Hüseynova idarə edib. Deleqat funksiyasını isə beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyev yerinə yetirib. 

Turun mərkəzi oyunu ərəfəsində aktivində 24 xalı olan Mingəçevir həndbolçuları zirvədəki mövqeyi möhkəmlətmək istəyində idilər. “Bakı” isə xal hesabını 22-yə çatdırmaqla çempionluq mübarizəsində inamlı addım atmağı düşünürdü. Oyuna fəal başlayan ev sahibi startdakı inamlı çıxışla azarkeşləri xeyli ümidləndirib. Hesabdakı 4 xallıq üstünlük buna əsas verirdi. Oyun intizamını pozmayan paytaxt həndbolçuları bu üstünlüyü fasiləyədək qoruya biliblər – 14:10.

Matçın ikinci hissəsi də gərgin mübarizə şəraitində keçib. Vəziyyəti dəyişməyə çalışan qonaqlar hissənin ortalarında tarazlıq yaratmağa nail olsalar da, artığına gücləri çatmayıb. Qapıçı Rüstəm Hüseynovla komandanın lideri Sabir Nəzərəliyevin inamlı çıxışı və müdafiədəki sayıq oyun sayəsində yenidən irəli çıxan “Bakı” azarkeşlərini qələbə ilə sevindirib - 27:24. 

Məğlubiyyətə baxmayaraq “Kür” 24 xalla liderliyi davam etdirir. “Bakı”nın 22, “Azəryol”un 20 xalı var. “Qarabağ” 18 xalla 4-cüdü.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC