Bəxtiyar Musayevlə qış fasiləsinə baxış, əsas transferin incələnməsi: "Sabah" gəlib öz yerini tutacaq"
Azərbaycan Premyer Liqasında qış fasiləsi bitdi. Həm 4 həftəlik fasiləni, bu müddətdə edilən transfreləri dəyərləndirmək, həm də mövsümün həlledici mərhələsi sayılan ikinci yarısından gözləntiləri öyrənmək üçün 51 yaşlı mütəxəssis Bəxtiyar Musayevlə söhbətləşdik. Millimizin sabiq oyunçusu Presssport.az-a müsahibəsində bir sıra məsələləri toxundu.
- - Premyer Liqada 4 həftəlik fasiləni həm hazırlıq, həm də transferlər baxımından necə dəyərləndirə bilərsiniz?
- - Transferlər baxımından görürük kİ, çox da aktivlik olmadı. Bunda həm mənfi, həm də müsbət tərəf görürəm. Mənfi odur ki, istərdik klublar daha da güclənsin, daha parlaq legionerlərin çıxışını izləyək. Amma alınmadı. Digər tərəfdən, müsbəti ona görə demək istəyirəm ki, yəqin, klublar transfer məsələlərinə artıq həssas yanaşırlar. Yəni, transfer xətrinə transfer etmək istəmirlər. Layiqli, bacarıqlı, komandaya xeyir verən futbolçular götürmək istədiklərindən kimi gəldi cəlb etməyiblər ki, təki boş yerlər dolsun. Bu da bir az sevindirici haldı.
- - Klubların yarısı Antalyada, yarısı Azərbaycan daxilində təlim-məşq toplanışında oldu. Necə düşünürsünüz, bu, mövsümün ikinci, həlledici yarısında müsbət və ya mənfi planda necə təsir göstərə bilər?
- - Belə deyim, fasilə qısa olduğuna görə hansı komandanın daha düzgün qərar verdiyini demək bir az çətindi. Əlbəttə, nə qədər çox yoldaşlıq görüşləri də olsa, nə qədər xarici komandalarla sparrinq oyunlar keçirsələr, bir o qədər də yaxşıdı. Amma bu qısa müddətdə oldu deyə, kimin bundan daha düzgün istifadə etməyini zamanın öhdəsinə buraxmaq lazımdı. Çünki biri var əlində müəyyən hazırlıq planı var, misal üçün müddət bir aydan artıq olur, onu hissələrə bölürsən, biri də var ki, qısa tsikldə onu çox bacarıqla yerinə yetirmək lazımdı. Buna görə demək olmaz ki, Antalyaya gedənlər üstün durumda olacaq, yaxud əksinə. Burda zaman da qazanıb 1-2 gün də böyük təsir edir, fərq hiss oluna bilər. Çünki vaxtı yolda itirməmək amilləri də çox vacibdi. Lakin hər halda, normal hazırlıq tsikli olanda, istəyərəm ki, hər bir komanda ölkə xaricində daha ciddi əcnəbi rəqiblərlə sınaq matçları keçirmək imkanına malik olsun. Amma bu qısa tsikl olduğuna görə hansı üçün xeyirli, hansına ziyanlı olduğunu deyə bilmərəm.
- - Əsas transfer Aleksey İsayevin "Sabah"dan "Qarabağ"a keçidi oldu. Bunu necə dərləndirmək üçün olar - "Sabah"a mənfi, "Qarabağ"a müsbət planda?
- - Bəli, razıyam ki, qış fasiləsinin əsas transferi İsayev oldu. Bu keçidi "Qarabağ"ın aktivinə yazardım. Çünki Aleksey neçə illərdi tanıdığımız futbolçudu. Ən əsası da “Qarabağ” yaxşı səviyyəli yerli futbolçu qazandı. Bunu əminliklə demək olar. İsayev “Qarabağ”ın oyun stilinə də uyğundu. Könül istər ki, daim əsas heyət üzvü olsun. Çünki Aleksey həm də milli üzvüdü və istərdim ki, avrokubok matçlarında da start “11-liy"inin oyunçusu olsun. Belə olacağına da ümid edirəm. Alekseyin transferini “Qarabağ" üçün üstün cəhət kimi qeyd etmək olar. ”Sabah"da əlbəttə ki, liderlərdən biri, çox vacib fiqur idi. Yəqin ki, burda maddi amil əsas rol oynayır. Bəlkə “Sabah”ın özünə görə başqa planları da var, futbolçunun satışından digər bir oyunçu alacaq. Bu, hələlik alınmayıbsa, bir az mənfi təsir göstərəcək. Amma bəlkə Alekseyin yerinə ona uyğun, yaxşı, layiqli futbolçu alacaqlar və bununla da gedişi sığortalamış olacaqlar. Hələ bunun üçün zaman da var.
- - Kevin Medinanın yoxluğunda daxili yarışlarda oynayan Rahil Məmmədovu da "Qarabağ" buraxdı. Sizcə, mərkəz müdafiəçisi mövqeyində ciddi sıxıntı hiss olunmayacaq?
- - Əlbəttə ki, Medina bütün avrokubok matçlarında çox vacib fiqurdu. Rahil isə bu oyunlarda əsasən ehtiyatda qalırdı. Bəli, Kevinin zədələnməsinin komandaya ciddi təsiri var. Amma yerli çempionatda bu mövqedə yetərincə futbolçu var - Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Maksim Medvedev. Rahil də bu mövsüm az-az komandanın heyətində çıxış edirdi. Məncə, yerli çempionatda “Qarabağ” üçün elə bir problem deyil. Amma beynəlxalq matçlar üçün Medinanın zədələnməyi yerinə düşmədi. Vaxta hələ var, bəlkə o dövrə durumu bir az da yaxşılaşar, sıraya qayıdar. Fürsətdən istifadə edib saytınız vasitəsilə Rahilə də uğurlar arzulayıram. Öz balamızdı, öz oyunçumuzdu. Ümid edirik ki, Polşada çox yaxşı çıxışıyla bizi də sevindirər.
- - “Neftçi”nin əsas transferi yeni baş məşqçi oldu. Qış fasiləsində yeganə baş məşqçi dəyişikliyi edən klubdan nə gözləmək olar? Miodraq Bojoviç "Neftçi"nən yeni uğurlu dönəm, ən azı rəqabətədavamlı yarada bilərmi?
- - Düzdür, bu mütəxəssis yaxın ölkədə - Rusiya Premyer Liqasında çox komandada işləyib. Amma işinə, oynatdığı futbola yaxından bələd olmadığıma, işlədiyi komandaları diqqətlə izləmədiyimə, hansı üslubda, oyuna necə müdaxilə etdiyini bimədiyimə görə haqqında doğlun bir söz deyə bilmərəm. Buna görə də bir neçə oyundan sonra Bojoviçin necə bir məşqşi, heyəti necə qurması, oyuna necə müdaxilə etməsi haqda fikir bildirə bilərəm. Doğlun məlumatım olmadığı bir şey haqda fikir bildirmək istəmirəm.
- - Yəqin, çempion olaraq "Qarabağ" görürsünüz. Bəs, digər medalçılar, avrokuboklar iştirakçıları və I Liqaya düşməyə əsas namizəd?
- - Çempion təbii ki, “Qarabağ”dı. Lap zəif də oynayanda, çempionata zəif də başlayanda əsas favoritdi. Əvvəl də sizinlə söhbətdə demişəm ki, bu mövsümkü "Qarabağ" ən yaxşı “Qarabağ” olacaq. Bunu ona görə əsaslandırmışdım ki, Juninyo Olavio hələ formada deyil, Yassin Benziada keçən mövsüm zədəylə bağlı bir sıra çatışmazlıqlar oldu, Andrey Lunyov kimi qapıçı transfer edildi. Bunlara əsasən demişdim ki, son illərlə müqayisədə bul il ən yaxşı "Qarabağ"ı görəcəyik. Şükürlər olsun ki, belə də davam edir. Birinci yer şübhəsiz ki, "Qarabağ"ındı. Sonuncu yer uğrunda indidən görünən odur ki, mübarizə “Qəbələ" və "Kəpəz” arasında gedəcək. Bu, həm göstərilən oyuna, həm də xal fərqinə görə belə görünür. Bir az “Qəbələ”ni üstün görürəm. Amma Adil Şükürovun təyinatından sonra “Kəpəz”də də bir az canlanma oldu - bunu həm oyununda, həm də xallar yığmasında gördük. Kim daha üstün olacaq - bu, hazırlıqdan, transferlər hələ bitməyib, bundan necə faydalanacaqlarından asılı olacaq. Avrokuboklara gedən komandalara gəlincə, sıralamam belədi - "Sabah", “Neftçi”, “Zirə”. Fikrimcə, bu 3 komanda bizi Konfrans Liqasında təmsil edəcək.
- - Yəni, hesab edirsiniz ki, hazırda turnir cədvəlində aşağılarda olan "Sabah" özünə gələcək?
- - Bəli. Əvvəl də demişdim, yenə fikrimi belə əsaslandırıb söyləmək istəyirəm ki, “Sabah”da bir az bəxtszilik də oldu. Bəli, bu mövsüm bir az zəif də çıxış etdilər. Amma uduzduqları oyunların çoxunu uduzmamalı idilər ki, bunu bəxtsizliyə bağlayıram. Bu matçlardan ən azı 1 xalla ayrılmalı idilər. Həm də oyunlarında həyəcan hiss olunurdu, potensiallarından aşağı çıxış edirdilər. Amma futbolçularının, baş məşqçisinin potensialı o deyil. Düşünürəm ki, “Sabah” gəlib öz yerini tutacaq.