Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib.
Presssport.az xəbər verir ki, püşkatmada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, o cümlədən Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.
Talıbov salamlama nitqində Azərbaycanın cüdo üzrə zəngin ənənələrə malik olduğunu, artıq ikinci ildir ki, Göygöldə Avropa Kubokunun keçirildiyini qeyd edib. “Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə yarışda öz bacarıqlarını artıra bilərlər”.
Qmayner turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, hər il Bakıda keçirilən Böyük Dəbilqə yarışlarına aparıcı cüdoçular gəlir. “Göygöldə yeni gələcək ulduzlar parlaya bilər”, - deyə o vurğulayıb.
Karvalyo qeyd edib ki, Azərbaycan cüdoçuları həmişə yüksək ustalığı ilə seçiliblər. Və o, cüdoçuların maraqlı mübarizə aparacağına əmin olduğunu bildirib. “Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq.
Avropa Kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcək.
Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.
Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi turnir cədvəlində 1-ci yeri tutublar. Türkiyə ikinci (3-4-5), 2-ci yerdə Gürcüstan (2-2-2) qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC