1 oyunda 7 qol vurmaq nəsib olan Nəsibov minifutbolda problemlə üzləşib: "Ona təəssüflənirəm ki, 8-ci olmadı, yoxsa..."
II Liqada dünənki ilk oyun günündə bütün diqqətlər “Füzuli”nin futbolçusu Elvin Nəsibova yönəldi. Belə kİ, bu hücumçu "Kürmük Qax"la ev matçında komandasının bütün qollarının müəllifi oldu. Bunun sayı isə nə az, nə də çox - düz 7 idi. Elvin Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb.
- Hamı 1 oyunun 7 qol vurmağından danışır. Bu, dünya futbolunda da nadir hallarda baş verir. Bu qədər qol vurmağın necə baş verdi?
- Elə alındı ki, komandamın bütün qollarını mən vurdum. Əsas qol vurmağım yox, komandanın qalibiyyəti idi. Hücumçuyuq, bu da işimizdi qol vurmaq.
Allaha şükürlər olsun ki, dünən də hər şey yaxşı alındı. Ailəm başda olmaqla kimlər mənə dəstək olub, hamısına öz təşəkkürümü bildirirəm. 7 qolumu da onların hamısna həsr edirəm. Qol qoldu, açığı, arasında gözəli olmadı. Futbolçu üçün qolun fərqi yoxdu, əsas odur ki, top torda olsun. Buna görə seçdiyim qol yoxdu, hamısı mənim üçün eynidi. Komanda üzvlərimiz də sağ olsunlar ki, bombardirliyimə kömək etdilər.
- Yəni, hamı sənə işlədi ki, nəticədə bu yarışda vahid liderliyə yüksəldin…
- Əslində, bombardirlik heç inandırıcı görünmürdü ki, 6-7 top vuraram. Alındı da..Sağ olsun uşaqlar, əziyyət çəkdilər, mənə ötürmələr verdilər.
- Xəsislik etmirdilər, özləri qol vura bilərdilər. Amma bunu etməyərək, topu hər dəfə sənə ötürürdülər…
- Düzdü-düzdü. Gördülər ki, 1, 2, 3, ardı gəlir, kömək elədilər. Nəticədə qol sayımı 7-ədək yüksəltdim.
- 10 qol, ən azı 8 ola bilərdimi?
- Əlbəttə! 2-3 qol vəziyyətimi qaçırdım. Axıra yaxın nə oldusa, qapıçıları yaxşı çıxış elədi (gülür). Nəticədə 2 topumu çıxardı.
- Necə deyərlər, 7 qol buraxandan sonra “şirə döndü”…
- (gülür) O da dedi ki, bəsdi, daha qol vurdun. Təbii ki, karyeramda ən yaddaqalan oyunum oldu. Düzdü, bunadək 5-6 qol vurmuşdum. Amma 7 qol rəsmi görüşlərdə olmamışdı. Bu göstəricim tarixə düşdü. Mediadan oxuyuram ki, əvvəl 2 futbolçu Azərbaycanda buna nail olub.
- Bəli, eşitdim ki, onlar daha əvvəl buna olub. Mən də 3-cü futbolçu oldum ki, 1 oyunda 7 qol vurdum.
- 8-ci qolu vursaydın, Azərbaycanda yeni rekordçu kimi tarixə düşəcəkdin. Buna görə təəssüflənmirsən?
- Əlbəttə ki, bu, var. 1 qol vursaydım, yeni rekordçu olacaqdım. Qismət, xeyirlisi, yenə də şükür Allaha.
- Son turunuz qalıb, 1 qolluq üstünlüyünü qorumalısan ki, mövsümün bombardiri olasan. Bunu bacaracaqsan?
- Hər şey ola bilər. Rəqib oyunçunun da bizim kimi 1 oyunu qalıb.
- Bu, “Şahdağ Qusar”ın təcrübəli hücumçusu Tural Qürbətovdu. Maraqlıdı, səninlə əlaqə saxlayıb deməyib ki, bu, nə məsələdi, məndən nə qədər arxada idin, gəldin məni keçdin?
- Hələ ki zəng vurmayıb, nə bilim…Danışarıq, yaxın münasibətimiz var. Yəqin, inciməz məndən (gülür). Onsuz da hər şey son turda bəlli olacaq - həm mükafatçılar, həm də bombardirlər yarışında qalib. Nə olacaqsa, olacaq. Sadəcə, ayağımda zədəm var. Hələ bilinmir ki, son turda oynayacam, ya yox. Topuğum zədələnib, rentgen edəcəm, görək həkimlər nə deyəcək.
- Son turda rəqibiniz “Cəbrayıl" olacaq. Keçmiş komandandı, hansına ki mövsümə başladın, qış fasiləsində ”Füzuli"yə keçdin. İdman prinsipiallığın olacaq?
- Prinsipial məqam budu ki, “Cəbrayıl”ın heyətində “Füzuli”yə 2 qol vurmuşdum. Oynasam, çalışacam ki, 3-nü də onlara vurmaq istəyərəm ki, indiki komandama borcumu qaytarım (gülür). Məşqçilərimiz də mənə deyir ki, bizə borcu qaytarmalısan. “Füzuli”nin çempionatda 1 məğlubiyyəti var, onu da startda “Cəbrayıl”dan alıb. Onda 4:3 udmuşduq, 3 qolu mən vurmuşdum. II Liqada ilk het-triki mən etmişəm, onda da tarixə düşmüşəm.
- “Cəbrayıl”dan gedişin gözlənilməz oldu. Səbəb?
- Sadəcə, yeni təklif gəldi. “Füzuli” mənimlə bağlı israr edirdi. Oturub "Cəbrayıl"la söhbətləşdik, bəzi şeylərdə razılığa gələ bilmədik. Heç bir problem yoxdu. Sadəcə, məvacib də rol oynadı, daha yaxşı təklifi qəbul elədim.
- Minifutbolda da varsan - dünən çempionluq matçında uduzdunuz…
- Bəli, "Aznur"da oynayıram. Zədəni də elə orda aldım. Meydana girən kimi topuğum zədələndi. Nəticədə daha oynaya bilmədim, cəmi 2-3 dəqiqə meydanda oldum. Ardından da qapıçımız İlqar Rzayev zədələndi, bunlar da oyunun qırılma nöqtəsi idi. Təbii ki, bu zədələri olmasaydı, sonadək dirəşəcəkdik. Hər halda, başabaş oyun gedirdi, hesabı da biz açmışdıq.
- Minifutbolda rahatdı sənə, yoxsa böyük futbolda?
- Çətinlik olduğunu deməzdim. Onsuz da minifutbolda məşqlər axşamlar olur, böyük futbolla üst-üstə düşmür. Həftədə 2-3 dəfə məşq olur maksimum. Buna görə birtəhər keçinirik. Bilirsiniz ki, liqalarda maaş baxımından azlıq var. Büdcə böyük olsa, inanmıram ki, minifutbola gediş olar. Təbii ki, böyük futbol mənə rahatdı. Ona qalsa, minifutbol yığmasına da dəvət almışdım. Onlara “yox” cavabı verdim ki, böyük futbolda oyunlarım var. Yoxsa, minifutbolu fikirləşsəydim, gedərdim.
- Dünən 2 oyunun vardı. Vaxt baxımından necə çatdırırsan?
- Əslində, PFL-dən xahiş eləmişdik ki, oyunumuz başqa günə salınsın. Sadəcə, reqlament belədi ki, son 2 tur eyni vaxtda keçirilməlidi. Nəticədə minifutboldakı oyunumuzla bir günə düşdü. Məcbur qaldıq ki, bir oyundan çıxıb o birinə gedək. Bu zaman əlbəttə, çətindi. Bir az özümüzü qoruduq ki, axşama finalımız var. Əlimizdən nə gəlir…Çətinliyə sinə gərməliyik.
- Bir gümüş medalı boynundan asdın. İkincini də edə biləcəksən?
- İnşallah, bu da olar. 3 komandanın şansı var - “Füzuli”, “Cəbrayıl” və “Şahdağ Qusar”. Rəqiblərimizdən biri 1, digərini 2 xal qabaqlayırıq. Qismət olsa, mövsümdə 2-ci “gümüş”ü də götürmək istəyərəm.
- Heç birində çempion ola bilmədiyinə görə üzülmədin?
- Belə deyim, qismət deyilmiş. “Baku Sportinq” çempion oldu, onları təbrik edirəm. İnşallah, növbəti mövsümlərdə olaram. Əlbətttə, çempion olmadığıma görə üzüldüm. Niyə də üzülməyim ki?
- 7 qola görə xüsusi mükafat alacaqsan?
- Hələ ki bir şey yoxdu (gülür). Ümumi komandaya mükafat verərlər. İnanmıram ki, qollara görə nəsə ayrıca mükafat olsun.