“Zirə”nin baş məşqçisi Taleh Nəsibov müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
“Komandanın performansı bizə inam verirdi ki, üç yerdən birini tuta bilərik”
- “Zirə” mövsümü gümüş medalla başa vuraraq UEFA Avropa Liqasına vəsiqə qazandı. Cari mövsümü komandanız üçün necə dəyərləndirərdiniz?
- Mövsümə yaxşı start vermişdik. Bunun nəticəsi idi ki, birinci dövrəni lider kimi başa vurmuşduq. Həmin ərəfələrdə sizə müsahibəmdə demişdim ki, bizim cari mövsümdəki məqsədimiz 2-3-4-cü yerlərdən birini tutub Avropa Liqası, yaxud Konfrans Liqasına vəsiqə qazanmaqdır. Çünki reallıqlar var. “Qarabağ”ın hansı gücə malik olduğunu hamımız görürdük. Lakin digər rəqiblərin demək olar ki, hamısı “Zirə” ilə eyni səviyyədə idi. Komanda müəyyən müddət, 7-8 tur ərzində xeyli xallar itirdi. Ümumən komandanın performansı bizə inam verirdi ki, qarşımıza hədəf qoyduğumuz üç yerdən birini tuta bilərik. Bunun üzərində də iş gedirdi. Həm baş məşqçi ilə daimi söhbətlərimiz, həm baş məşqçinin işi, həm də Orxan müəllimin (Orxan Məmmədov nəzərdə tutulur-red.) bəzi oyunlardan qabaq futbolçularla görüşü, hansı ki, bu mövsüm futbolçularla bu cür görüşlər tez-tez keçirilirdi. Orxan müəllimin futbolçularla görüşü əlavə motivasiya idi. Onun görüşlərdə səsləndirdiyi fikirlər, verdiyi motivasiya ertəsi günü komandanın qələbə qazanmasına gətirib çıxarırdı. Bu, bir daha onu göstərir ki, rəhbərlik komandanın yanındadır və daim futbolçulara inamını nümayiş etdirir. Eləcə də Rəşad Sadıqovun işi ortada idi. Bəzən “Zirə”nin uğurlu çıxışının müvəqqəti olduğu, tezliklə aşağı pillələrə yuvarlanacağı barədə fikirlər səslənirdi. Amma görünən o oldu ki, biz cari mövsümdə haqq etdiyimiz ikinci pilləyə sahib çıxdıq.
- Qeyd etdiyiniz kimi, mövsümün gedişində bəzən “Zirə” ilə bağlı bədbin proqnozlar səslənirdi. Hətta komanda müdafiə futbolu oynamaqda da ittiham edilirdi və bu fikri irəli sürənlər vurulan qol sayını əsas gətirirdilər...
- Mən deməzdim ki, “Zirə” hücum futbolu oynamır. Ola bilər realizə aşağıdır. Yaxud hansısa oyunlarda qol vurduqdan sonra nəticə qane edib deyə, komanda əsas müdafiəyə diqqət edib ki, lazım olan 3 xalı götürsün.
- Avroliqa öncəsi məhsuldarlığın artırılması üçün hücum xəttinin, ümumilikdə heyətin gücləndirilməsi nəzərdə tutulub?
- Bilirsiniz ki, mövsüm hələ bizim üçün bitməyib. Qarşıda kubokun finalı var. Ona görə indidən bu barədə danışmaq hələ tezdir. Final matçından sonra rəhbərlik, məşqçi heyəti birgə müzakirə aparıb, heyətin gücləndirilməsi yönündə lazımi addımları atacağıq.
“Bu mövsüm kuboku qazanmaq şansımız çoxdur”
- Kubokun finalından söz düşmüşkən, şansları necə dəyərləndirirsiniz?
- 2 il əvvəl finalda “Qarabağ”a penaltilər seriyasında uduzmuşduq. Bu dəfə şansları bərabər sayıram. Çünki kubok çempionat deyil və burada hər şey tam fərqli ola bilər. Rəhbərlik olaraq komandamıza inanırıq. Bu mövsüm kuboku qazanmaq şansımız çoxdur. “Zirə” çempionatın son turlarında inamlı təsir bağışladı. Həmin performansı finalda da göstərsək, kuboku əldə etmək olar.
- “Zirə” mövsümü ikinci pillədə başa vurmaqla avrokuboklara getmək baxımından kubokun finalını formallığa çevirdi. Çünki gümüş medalı qazanmaqla finalın nəticəsindən asılı olmayaraq komandanız Avropa Liqasına artıq vəsiqə qazanıb. Bu məqam finalda “Zirə”nin daha rahat oynamasına, futbolçuların gərginlik yaşamamasına səbəb olacaq?
- Məncə, ümumiyyətlə rahatlanmaq olmaz. Çünki bu, kubokun finalıdır. Ortada bizim heç vaxt qazana bilmədiyimiz titul var. Bu, kuboku qazanmağımız üçün gözəl bir şansdır. Ona görə düşünürəm ki, məşqçi heyəti də, futbolçular da əllərindən gələni edəcəklər ki, bu şansı əldən verməsinlər. Bu, tarixdir, ilk dəfə qazanılan uğur tarixə düşür. İlk həmişə şirin olur.
“Bizim Rəşad Sadıqova inamımız sonsuzdur”
- Digər klublar bir neçə uğursuz oyun keçirdikdən sonra baş məşqçinin gedişi barədə mətbuatda xəbərlər yayılır. Lakin “Zirə” bu baxımdan istisna təşkil edir. Komanda bir ara uğursuzluq zolağına düşsə də, rəhbərliyin baş məşqçi ilə bağlı hər hansı bir narazılığına rast gəlmədik. Bu baxımdan demək olar ki, klub rəhbərliyinin Rəşad Sadıqova olan inamı özünü doğrultdu?
- Rəşad Sadıqovla 4 ildir çalışırıq. Bu müddət ərzində mətbuatda bir dəfə də olsun bizim baş məşqçini dəyişmək istəməyimiz barədə xəbər yer almayıb. Komandada eniş yaşandığı dövrdə belə. Bizim Rəşad Sadıqova inamımız sonsuzdur. Ona inanırıq, həmişə də inanmışıq. İnamımızın bariz nümunəsi olaraq komanda bu gün ölkə çempionatında gümüş medalın sahibidir. Düşünürəm ki, kuboku da götürsək, həm bizim üçün, həm Rəşad Sadıqov üçün gözəl nəticə olar.
- Son zamanlar tez-tez mətbuatda Rəşad Sadıqovun “Neftçi”nin yeni baş məşqçisi olacağı barədə xəbərlər yayılır. İstərdik bu məsələyə də aydınlıq gətirəsiniz.
- Bizim bu barədə Rəşad Sadıqovla hər hansı söhbətimiz olmayıb. Hətta bilmirəm ki, bu xəbərlər həqiqətdir, ya yox. Düşünürəm ki, belə bir şey olsa belə, bu, kubokun finalından sonra müzakirə ediləcək məsələdir. Bu ana qədər mənim bu barədə hər hansı bir məlumatım yoxdur, Rəşad Sadıqovla da hər hansı söhbətimiz olmayıb. Bildiyim qədər özünə bu yaxınlarda bu barədə sual verilmişdi. O isə bildirmişdi ki, “Mənim planlarım “Zirə” ilə bağlıdır”.
“Kluba pul ayrılmasını təmin etmək çətin məsələdir”
- “Zirə”nin Avroliqadakı potensial rəqibləri məlumdur: “Şerif”, “Maribor”, “Tobol”, “Visla”, “Pafos” və “Pakş”. Bu rəqiblərdən hansı “Zirə” üçün qorxulu, hansı daha münasibdir?
- Heç biri (gülür). Düşünürəm ki, hamısı eyni səviyyədə güclü rəqiblərdir. Bu siyahıda asan rəqib yoxdur. Qismət. Hansı ilə xeyirlisidirsə, onunla da düşək. Bu turnirə vəsiqə qazanıblarsa, deməli, hər biri güclüdür.
- Yəqin razılaşarsınız ki, uğur qazanmaqda maliyyə amili böyük rol oynayır. Cari mövsümdəki uğurlu çıxış yeni mövsümdə klubun büdcəsinin, iddiasının artırılmasına səbəb ola bilər?
- Bu barədə danışıqlar gedir, hər şey ola bilər. Bu məsələ rəhbərliyimn sponsorlardan danışığından, özümüzün ayıra biləcəyi məbləğdən asılıdır. İndidən bu barədə konkret fikir bildirmək bir qədər çətindir. Əlbəttə, hər bir klub rəhbəri, ən başda Orxan müəllim olmaqla komandanın güclənməsini istəyir. Əmin ola bilərsiniz ki, bu istək bizdə çox böyükdür. Sadəcə özünüz də bilirsiniz ki, hər bir klubun çətinlikləri olduğu kimi, bəzən biz də müəyyən maliyyə çətinlikləri ilə üzləşirik. Kluba pul ayrılmasını təmin etmək çətin məsələdir, lakin üzərində daim işləyirik (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC