"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la ilk oyunu üçün Cəbəllütariqə yollanmamışdan qabaq jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə ilk olaraq ümumi hazırlıq haqda danışıb.
- Hazırlığımız pis alınmadı, pis keçmədi. Toplanışı iki hissəyə böldük - birincisi Bakıda, ikincisi Avstriyada oldu. Yaxşı oyunlarla toplanışı başa vurduq. Futbolçuların hər birindən razı qaldım. Çox həvəsli, düzgün hazırlaşmağı bacardılar. Bəlkə bir az bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Amma hər futbolçu 2 matç 90 dəqiqə oynadı. Bir neçə oyundan sonra komanda tam öz idman formasını geri qaytaracaq və düşündüyümüzü bir neçə günlərdən sonra görəcəyik.
- Ötənilki "Linkoln"la indiki arasında hansı dəyişikliklər olduğu görünür?
- Dəyişikliklər var. Əsas heyətdə 5 yeni futbolçu oynayırdı. Demək olar ki, öz oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Hamrun"la keçirdikləri ilk oyunda da qırmızı vərəqə olmuşdu, ikinci matçda da. İkinci matçda 120 dəqiqə lazım olan nəticəni qoruyub saxlaya bildilər. Sonda isə penaltilər seriyasında qalib gəldilər. "Linkoln" bərk komandadı. Süni örtüklü meydanda oynayırlar. İlk oyunumuzu orada keçirəcəyik. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də bu çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Lakin tam əksi oldu. Çox çətinlik çəkdik. İstənilən halda, çalışacağıq ki, oyuna tam motivasiyalı və tam ciddi şəkildə hazırlaşaq. Bunu rəqib tələb edir. Rəqibdə dəyişikliklər var. Amma desəm ki, oyunlarını tam analiz edə bildik - yox, belə deyil. Hər iki matçda qırmızı vərəqə olduğu üçün futbolçularıma göstərdiyim epizodlar az oldu. Ayrı-ayrılıqda rəqibin futbolçularının xarakteristikasını oyunçularımıza daha çox çatdıracağıq. Bunlara hazır olmalıyıq.
- "Qarabağ"da yeni və keçmiş qapıçılar var. Fabyan Buntiç və Şahruddin Məhəmmədəliyev komandaya cəlb edilib. Bu mövqedə necədi vəziyyət?
- Normal. Şahruddin bir az gec gəldi, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ancaq əlbəttə ki, hələ bir az komanda və futbolçularla daha çox bir yerdə olması, lazım və vacibdir ki, tam özünü sərbəst hiss etsin. Ümumən razıyam.
- Yeni transferlər gözlənilir?
- İstəyirik ki, yeni transferlər mütləq olsun. Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi davam etdiririk. Oyunçulara baxırıq, bəziləriylə, klublarla danışıq aparırıq. Bu, ilboyu gedən prosesdi. Uğur alınsa, dəyişiklik etmək istəyirik.
- Hansı mövqelər üçün?
- Hücum xəttinə yeni oyunçular istəyirik. Müdafiə xətti üçün də baxışlar gedir.
- Komandanız neçə faiz hazırdı?
- Ümumən hazırdı. "Linkoln"un üstünlüyü odur ki, onlar bizdən 2 rəsmi oyun çox keçiriblər. Bu, onlar üçün avantajdı. Amma komandamız da hazırdı. Bəzi texniki detallar var. Hansı ki, ona bir az vaxt lazımdı. Nə qədər düzəltməyə çalışsaq da, bu, mümkün deyil. Sadəcə, avtomatik zamanla düzələn bir şeydi. Minimum ilk oyuna lazım olduğu qədər hazırıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC