"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşündə Bakıda "Linklon"u 5:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda danışmaqla başlayıb.
- İlk növbədə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Dünən baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Olimpiya oyunlarındakı bütün idmançılarımıza uğurlar arzulayıram. Hidayət da gələcək turnirlərdə. Onun ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər. Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdi. Azarkeşlərimizə təşəkkürlər, sayları çox idi. Digər klublarımıza da uğurlar arzulayıram.
- Aleksey Kaşuk oyununuza baxırdı. Onunla maraqlanırsız?
- Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib. Amma bizim dəvətlə Bakıda deyil.
- Sizin üçün "Ludoqorets" uyğun rəqibdir, yoxsa "Dinamo?
- Hansı rəqib düşsün deyə düşünməmişəm. Oyunlarına baxdım. Çünki hər ikisi hər bir halda, rəqib ola bilərdi. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. "Ludoqorets" hiss olunur ki, yaxşı komandadı, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma "Dinamo"nun aqressiv, aktiv, cavan oyunçuları çoxdu. Çox istəklidirlər. Hər iki komandanın öz özəliyi var. Gözləyək ki, hansı rəqib olacaq.
- Premyer Liqada yeni mövsüm də başlayır. Mövsümdən nə gözləyirsiz?
- Bəli, dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olur. Çalışırıq ki, liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunları itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. "Linkoln"la oyunlarda bəzi futbolçularda yorğunluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.
- Mövsüm yeni başlayıb. Sizcə, bu iki matça baxanda, oyun planında hansı müsbət dəyişikliklər var?
- Avrokuboklara ilk mərhələdən başlamadıq. Futbolçular psixoloji cəhətdən daha hazırlıqlıdır. Ola bilər ki, bəzi oyunçuların təcrübəsi daha da çoxaldı. Xüsusilə də, cavan oyunçularımızın. Üstünlüklər çoxdur.
- "Qarabağ" bu qədər qol epizodu yaradır, bu qədər qollar vurur. Özünüz də hücumçu olmusuz. Heç belə fikir yaranır ki, kaş bu komandada özüm oynayardım?
- Heç ağlımdan zərrə qədər də keçməyib. Hücumda olsaydım, bu komanda olmayacaqdı.
- Ardıcıl 11-ci dəfə avrokuboklarda qruplarda oynayacaqsız. Bu, sizin üçün nə deməkdir?
- Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin istəyi, tələbi daha da çoxalır. Tək mən yox, klub və futbolçular olaraq hamımız bunu dərk etməliyik ki, bunu qoruyub-saxlamaq üçün nə etməliyik? Bir cavabı var, o da çox çalışmaq. Qarşıya qoyulan minimum məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır.
- 11-ci dəfə avrokuboklarda qruplara vəsiqə qazandınız. Bu, heyəti qorumaq üçün sizə çətinlik yaradır. Transfer etmək üçün xeyir verir, yoxsa çətinlik yaranır?
- Buna normal baxıram. Hansı komandada uğur varsa, hansı futbolçu uğur qazanırsa, ona maraq çoxalır. Təcrübəmiz daha da çoxalır. Avropa arenasında daha da çox tanınırıq. Sırf komanda kimi yox, funksionerlərimiz digər klublarla təmasda olurlar, ünsiyyətləri olur. Bizim öz yerli kadrlarımızın, klub rəhbərliyində olan şəxslərin dünya görüşünün, futbolun inkişafının, həm də transfer mərhələsində daha da təcrübəli olmasına gətirib çıxarır. Əlimizdə şansımız varsa, heyətimizi maksimum qoryub-saxlamalıyıq. Hər il müəyyən müddət var. Ən çox vaxt ayırdığımız sahələrdən biri transferlərdir. Oyunçuları izləyirik. Amma elə olub ki, 4-5 transfer birdən etmişik, bəzən olub ki, heç etməmişik. Normal prosesdi. Çətinlik olsa da, futbolçularımızı qorumağa çalışırıq. Bu komanda 4-5 illik komanda deyil. 3-4 ildən bir komandada kiçik problem olduğu vaxtlar olur. Bizdə bu günə kimi 80-90 faiz pis alınmayıb. Hər bir futbolçu fikirləşmir ki, Avropada şansımız böyükdü. İlk olaraq çempionatımıza baxırlar. Premyer Liqamız real olaraq, Avropadakı çempionatlardan aşağıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC