Bu gün Azərbaycanın iki sərbəst güləşçisi - Hacı Əliyevlə Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, hər iki idmançımız yarışa 1/8 finaldan start verəcək.
97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq. 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Bu çəkilərdəki qarşılaşmalar Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Digər sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda yarışacaq. Bürünc mükafat uğrunda görüşlər Bakı vaxtı ilə 20:15-də başlayacaq.
Bu gün həmçinin Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində bacarığını göstərəcək. Yarış 16:00-da başlayacaq.
Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçularımızdan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub. Taekvondoçumuz Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medala sahib çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC