Qriqorçuk istədikləri kimi oynamadıqlarını etiraf etdi: "Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm"

"Neftçi" Misli Premyer Liqasının III turunda öz meydanında "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk Zirədəki oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bura gəldiyinizdə çoxları düşünürdü ki, "Neftçi" "Qarabağ"la çempionluq mübarizəsi aparacaq. Amma 3 turdan sonra komandanın nəticələri və oyunu ümidverici deyil. Bu durumu necə şərh edərdiniz?

- Əlbəttə ki, haqlısız. Bu gün məğlub olduq, istədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. 3 tur ərzində azarkeşlərimizə qələbə bəxş edə bilməmişik.

- Mətbuatda belə xəbərlər var ki, klub rəhbərliyi ilə aranızda fikir ayrılığı yaranıb, istefa vermək istəyirsiz. Bu barədə nə deyə bilərsiniz?

- Mətbuatda bu cür söz-söhbətlərin olduğunu indi öyrəndim. Bu məsələni ümumiyyətlə, şərh edə bilmərəm. Bu həftə ərzində rəhbərliklə danışığımız belə olmayıb. 

- Yeni transferlərin oyunundan razısız?

- Yeni futbolçuların gəlməsi sevindiricidi. Bunun üzərində çox iş görürük. Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını mühakimə etmək üçün ən azı 5-6 tur lazımdı. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Son oyunlarını mayda keçiriblər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər.

- Transferlər sırf sizin seçim əsasında edilir?

- Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Bu da onunla bağlıdı ki, əvvəlki komandamda çıxış edib. Sırf təqdimatım əsasında "Neftçi"yə gəlib. Hər gələn futbolçu haqda klubun mətbuat xidmətinə verdiyim açıqlamanı indi də təsdiqləyirəm.

- "Qəbələ"yə yeni gəldiyiniz vaxtda tanıdığınız futbolçuları komandaya dəvət etmişdinizz. "Neftçi"də isə bu halı görmürük. Bu, ilə bağlıdır?

- Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu, baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Baş məşqçi də bunun əsasında seçim edir. Sivil yoldu, buna da hörmətlə yanaşıram. Antonovu "Qəbələ"yə gətirəndə şayiələr yayılmışdı ki, yaxın qohumumdu. 

- Qara Qarayevi əvəzedici heyətə göndərməyinizin səbəbi nədir?

- Qara həm yaxşı insandı, həm də yaxşı futbolçu. Uzun ilıər Azərbaycan milli komandasının şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm. Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdi. Bu haqda şərh verə bilmərəm. 

- Transferlərə baxanda belə görünür ki, sizə verilən siyahıdan pisin yaxşısını seçmək məcburiyyətində qalmısınızz. Bu duruma nə qədər müddət tab gətirə biləcəksiniz?

- Çalışdığım hər futbolçunu çox istəyirəm, hamısına hörmətlə yanaşıram. İstəyirəm onların yaddaşında yaxşı qalım.

- 90 dəqiqə ərzində qapıya dəqiq zərbə olmamasını necə şərh edərdiniz?

- Əvvəldə də bildirdim ki, oyundan narazıyam. Bundan daha yaxşı çıxış etməliyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC