"Neftçi"nin xorvatiyalı futbolçusu Filip Ozobiç müsahibə verib. 33 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"sunun rəqibi olan Azərbaycan klubu "Qarabağ" haqqında sualları cavablandırıb.
Presssport.az həmin müsahibəni təqdim edir:
- "Dinamo"dan kimsə sizə zəng vuraraq "Qarabağ" haqda məlumat alıb?
- "Dinamo"dan heç kim mənə zəng etmədi. İnanıram ki, onlar buradakı iqlim şəraiti haqqında hər şeyi bilirlər. Fran Tudor onlara xəbərdarlıq edib. Xüsusilə axşam saatlarında burada rütubət çoxalır. Bakı Xəzər dənizinin sahilində yerləşir. Bunun də hava şəraitinə böyük təsiri var. Gələndə belə iqlim şəraitinə alışmaq üçün bir qədər vaxt lazım olur. Bununla belə, mən kokos suyu içməmişəm. Daha çox adi su içirəm. Belə bir atmosferdə oynamaq yorucudur. Ona görə də "Dinamo"nun bəzi oyunçuları 2-ci hissədə problem yaşaya bilər. Çünki bütün oyun boyu meydanda olmaq çətindir. Rütubət insanı yorur.
- Zaqrebdəki ilk oyun iki komandanın gücü ilə bağlı nəyi göstərdi?
- Yekunda “Dinamo”nun 4-cü və 5-ci qolları vurmaq şansı yaransa da, hesab 3:0 olsa da, asan qələbə olmadı. “Qarabağ”ın yaxşı şansları var idi, amma qol vura bilmədi. “Qarabağ” ən azı bir saat keyfiyyətli futbol oynadı. Onların cinah oyunçuları problem yaşada bilirlər. Bununla belə, “Dinamo”nun zəif tərəflərinin olduğunu deməzdim.
- "Qarabağ"da uzun müddət çıxış etmisiniz, komandanın oyun tərzini bilirsiniz. Onlar vəziyyəti dəyişə biləcəklərinə inanırlar, yoxsa, buna şübhə edirlər?
- Heç kimdən bu barədə nəsə soruşmamışam. Amma əminəm ki, ilk dəqiqədən mümkün qədər təzyiq göstərəcəklər. Erkən qol vurmaq istəyəcəklər, şans tapacaqlarına ümid edəcəklər. “Dinamo” bilməlidir ki, onları burada çətin oyun gözləyir.
- Azarkeşlərin əhval-ruhiyyəsi necədir? Onlar komandaya səbrlə yanaşırlar?
- Burada fanatlar fit səsləndirmirlər. “Qarabağ” qol vurmasa, azarkeşlər şikayətlənməz. Stadion dolu olacaq və onlar bütün matç boyu komandanı alqışlayacaqlar. Atmosfer isti olacaq, lakin Xorvatiyada azarkeşlər daha mütəşəkkildir. Yenə də burada fanatlar yaxşı atmosfer yaradırlar. Bakıda oynamaq gözəl olacaq.
- “Dinamo” müdafiəyə qapanıb üstünlüyü qorumalıdır, yoxsa, ilk oyundakı kimi oynamalıdır?
- “Dinamo” müdafiə olunaraq hesabı saxlayacaq komanda deyil. "Dinamo"nun keyfiyyətli oyunçuları var, həmişə mübarizə aparmaq istəyirlər. Bu mənada "Dinamo"nun oyun tərzini dəyişəcəyini düşünmürəm. Başqa bir məsələ də odur ki, "Dinamo" kompozisiyanı dəyişə biləcəyini göstərdi. Baş məşqçi Sergey Yakiroviç bilir ki, hansı oyunçular ona nə gətirə bilər, hansı variant daha yaxşıdır. Amma 3-5-2-dən istifadə etsə belə, bu, müdafiə düzülüşü deyil.
- PAOK-un ötən mövsüm Konfrans Liqasının 1/8 finalında “Dinamo”ya necə üç qol vurduğunu xatırlayaq. Yarımmüdafiənin arxasındakı boşluqlar var idi, komanda yaxşı müdafiə olunmurdu. Sizcə, "Dinamo" bu dəfə müdafiədə daha yaxşı oynamalı deyilmi? Bu xəbərdarlıq olmalıdır.
- Bəli, amma o vaxt məşqçi yeni idi. Ona daha çox vaxt lazım idi. İndi “Dinamo” daha yaxşı görünür, amma “Qarabağ”ın təhlükəli olduğu doğrudur. “Dinamo” müdafiəyə fikir verməlidir. Bunu necə edəcəklərini baş məşqçi daha yaxşı bilir.
“Qarabağ” standart vəziyyətlərdən qol vurmağı bacarır. “Dinamo” Zaqrebdə bunun öhdəsindən yaxşı gəlirdi...
- Bununla belə, onlar standart vəziyyətlərdən daha çox sürətli oyunda yaxşı çıxış edirlər. “Maksimir”də çox yaxşı şanslar yaratdılar. Düşünürəm ki, baş məşqçi Qurban Qurbanov heç nəyi dəyişməyəcək, hər şey Zaqrebdəki kimi olacaq. Onun öz üslubu var və buna toxunmur.
- “Qarabağ”ın ən yaxşı futbolçuları kimlərdir?
- Marko Veşoviç və Marko Yankoviç zədəlidir. Onlar hücumda güclüdürlər. Juninyo "Dinamo" üçün ən böyük təhlükədir. O, Zaqrebdəki kimi olmayacaq. Ardıcıl 2-ci oyunda qolsuz qala bilməz. İvan Nevistiç bəzi vəziyyətlərdə onun qarşısını aldı. “Dinamo”nun qapıçısını tərifləmək lazımdır.
- Veşoviç və ya Yankoviç "Dinamo" ilə oyunadək sağalacaq?
- Oynayıb-oynamayacaqlarını bilmirəm. Mən meydana çıxacaqlarını düşünmürəm.
- Qurban Qurbanov necə bir baş məşqçidir? O, 2008-ci ildən "Qarabağ"ın çalışdırıcısıdır.
- Nəticələr öz sözünü deyir. O, böyük işlər görüb. Klubda Qurban Qurbanovu yüksək qiymətləndirirlər. Onun futbol üslubu Xosep Qvardiolanın tərzi ilə oxşardır. Qurban Qurbanov futbolçularının topa sahib olmağını, topu mümkün qədər ayağında saxlamağını və bundan təhlükəli vəziyyətlər yaratmağını istəyir. Amma onlar əks tərəfdən də qol vura biləcəklərini göstərdilər.
- "Qarabağ"ın məşqləri necə keçir? Oyunun taktiki detalları üzərində nə qədər iş görülür? Çünki Xorvatiyada heç bir komanda “Qarabağ” qədər komplektləşməyib.
- Məşqdə bütün oyunlar topla keçir. Topsuz məşqlər çox deyil. Qurban Qurbanov kimin hara getdiyini, hər bir oyunçunun nə etməli olduğunu dəqiq bilməkdə israrlıdır. Əla məşqlər keçir. Komandanın uzun müddətdir bir yerdə olması harmoniyaya töhfə verir. Hər mövsüm 1, 2 və ya 3 oyunçu dəyişir. Xorvatiya komandalarında isə daha çox dəyişikliklər olduğu üçün stabillik yaratmaq daha çətindir. "Qarabağ"ın təlim-məşq toplanışlarında çox iş görülür. Məsələn, müdafiəçinin yarımmüdafiəçi ilə əlaqəsi necədir, top kimə ötürülür və bundan sonra necə hücuma keçiləcək və s...Hücumu inkişaf etdirərkən kimin nə etməli olduğu dəqiq müəyyən edilib.
- "Qarabağ" hücumda daha güclüdür. Komandanın müdafiə xətti bir qədər zəifdir. Bunu nəzərə alaraq cavab oyunundan hansı nəticəni gözləyirsiniz?
- Sözsüz ki, yaxşı matç olacaq. Çoxlu qol şansları gözləyirəm, amma 3:0 böyük üstünlükdür. 1-2 top fərqi deyil. Xüsusən də ona görə ki, “Dinamo”nun hazırda Petkoviç, Baturina, Kulenoviç kimi təhlükəli hücumçuları var. Bu, əla nəticədir. “Dinamo” Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməlidir.
- "Dinamo"nun azarkeşləri Bakıya gələcək. Onları Bakıda nə gözləyir?
- Kim bura gəlsə, heç bir narahatlıq yaşamayacaq. Hamı özünü əla hiss edəcək. Şəhərdə vaxt keçirmək istəyənlər üçün çox yaxşı restoranlar, klublar, kafelər var (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC