"Şamaxı" Misli Premyer Liqasının V turunda doğma meydanda "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransına görüşlə bağlı düşüncələrini bölüşməklə başlayıb.
- Evdə ilk oyunumuz idi. Nəhayət ki, Şamaxıda oynaya bildik. Rəqib “Neftçi” idi, istəmirdik ki, bu gün uduzaq. Gözlədiyimdən də dinamik oyun keçdi. Biz və rəqib oyununu tempini yüksək tutdu. Bilirdik ki, hər iki komanda qalib gəlmək istəyir, “Neftçi” yuxarı pillədən qopmamaq üçün bu oyuna qələbə üçün çıxacaq. Oyun baxımından komandadan çox razı qaldım. Düzdür, sonlarda yorulduq. Amma bu gün qələbəyə layiq idik. Son nöqtəni qoymaqda çatmadı. Buna da vaxt lazımdı. Real baxsaq, bir ayda buna nail olmuşuqsa, oynadığımız komandaların hamısı ilk turlardan iddialı idi. Şükürlər olsun ki, istədiyimiz xalı yığmışıq. Komanda o təzyiqdə deyil. Amma sona qədər mübarizə gedəcək, özü də gərgin. Millinin fasiləsindən səmərəli istifadə etmək istəyirik ki, futbolçular performanslarını daha da yaxşılaşdırsın. “Neftçi”yə də uğurlar.
- Son dəqiqələrdə hakimlə mübahisəniz yaranmışdı, əvəzetməyə imkan vermirdi. Problem nədə idi?
- Əvəzləmə yox, ikinci məşqçinin ayaq üstə dayanmasına etiraz etdi və sarı vərəqə verdi. Qaydalar çox şey deyir, bilirik. Amma futbol emosional oyundu. Hər kəs bütün liqaları izləyir, avrokuboklarda xarici hakimləri görürük. Əsgər intizamı ediblər dördüncü hakimi. Yəqin ki, tələb edirlər. Xəbərdarlıq vermələri normaldı. Amma xətti tapdaladın, xətti keçdin...Nə bilim. İtaliya A Aeriyasına baxırsan, məşqçilər meydançanın içərisindədir. Bizdə də olur, bəzi məşqçilər meydana girir, ona güzəştə gedirlər. Dördüncü hakimlə məsələ bu idi, başqa heç nə.
- “Şamaxı”nın Premyer Liqada məqsədi nə ola bilər?
- Mövsümdən əvvəl futbol mediası, mütəxəssislər müzakirələr aparır, çempionluqda “Qarabağ”a rəqib olmadığını deyirik. “Zirə”, “Sabah”, “Neftçi” böyük klub olduğuna və həmişə yüksək yerlər üçün oynadığına görə deyirik ki, “Qarabağ”a rəqib ola bilər. Amma digər komandalar var ki, büdcəsi imkan verir ki, avrokuboklara cəhd etsin. Onlar da böyük transferlər edib. Yaxşı başlayanlar da var. Bizim kimi komandaların məqsədi mübarizə aparmaqdı. Klub olaraq böyümək üçün Premyer Liqada qalmalısan. Qalmırsansa, bütün planların alt-üst olacaq. Öncə yüksək liqada qalmaq istəyirik, sonra vəziyyətə baxacağıq. Ötən mövsüm liqadan əvvəl, statistika alt-üst oldu, “Qəbələ” Premyer Liqadan düşdü. Hər şey büdcə, hər şey böyük klub olmaq deyil. Çempionatımız sürprizləri sevir. Sona qədər vuruşacağıq, məqsədimiz budu.
- “Sabah”, “Zirə” və “Neftçi”dən xallar almağı bacardınız. “Turan Tovuz”da olanda da, bunu edə bilmişdinizz. Sizinlə bağlı məsələdir, yoxsa futbolçular iddialı rəqiblərə qarşı xüsusi hazırlaşır?
- Necə deyim, düz çıxsın? Bizdə yerli məşqçilərin işinə o qədər də qiymət vermirlər. Yəqin ki, burda xarici mütəxəssis olsaydı, başqa cür deyilərdi. Bu gün burda, başqa klubda gördüyümüz iş asan deyil. Kənardan kimsə qəbul etmir. Amma bu gün tək özümü aid etmirəm, Premyer Liqada yerli məşqçilər iş görür, əziyyət çəkir. Lazım olan dəstək yoxdu. Klublarımızda idarəçilikdə böyük problemlər var. Daha doğrusu, say azdı. Bizdə məşqçi, futbolçu var, idarəçilər azdır. Ona görə görülən işi bir gündə unuduruq. Premyer Liqadan düşə də bilərik. Rəhbərliyə söz vermişəm. Birinci liqadan gələn komandaya tez bir zamanda legioner gətirmək, komanda qurmaq kənardan asan görünə bilər. Amma belə deyil. Tək mən yox, məşqçilər, mənə inanan rəhbərliyin əməyi var. Məşqçi rəhbərlikdən asılıdı. Rəhbərlik inansa, məşqçi işləyəcək. İnanmasa, orada nəticə olmayacaq.
- Roman Qriqorçukla duellərinizi xatırlayırsız?
- Əlbəttə. Premyer Liqada debüt ilimdə “Qəbələ” çempionluğa oynayırdı. Ən vacib xalları Zirədə itirdilər və çempionluqdan oldular.
- Yeddinci dueliniz oldu. Beş matç heç-heçə olub, birində siz qalib gəlmisiz, birində isə Qriqorçuk udub..
- Bunu bilmirdim (gülür).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC