Koşitseyə Azərbaycanla vida, Koşitseyə Azərbaycanla qayıdış: İddialı Santuşun komandasından nə gözləyək?

Qafqaz respublikaları UEFA Millətlər Liqasında yeni mövsümə çox yaxşı başladı. Qonşularımız Gürcüstanla Ermənistan eyni hesablı darmadağına - 4:1-ə imza atdı. Biri Çexiyanı, biri də Latviyanı məyus yola saldı. Azərbaycan isə ilk turda öz meydanında isveçə 1:3 uduzub bu axşam II tur matçına çıxacaq. 

Bu, artıq səfər görüşü olacaq. Bizə yaxşı tanış olan Slovakiyanın qonağıyıq. Həmin Slovakiya yığması ki, 2 il əvvəl olan son UEFA Millətlər Liqasında bizimlə bir qrupda idi və gözlənilməz qələbəmizlə yadda qalmışdıq. Onda Trnavada oyuna çıxan millimiz bu dəfə digər şəhərdə - Koşitsedə slovakların qonağıdı. Əslində, Koşitse də bizə yaxşı tanış şəhərdi. Çünki Slovakiya ilə indiyədək olan 5 səfər matçımızın 2-də məhz bu şəhərdə onun qonağı olmuşuq. Hər 2 oyunda da diqqətçəkən məqam var. Belə ki, slovaklar ilk dəfə 29 il əvvəl - 1995-ci ilin martın 29-da qarşılaşanda Koşitesdə meydana çıxmışdıq və ən vacibi, ilk rəsmi qolumuzu onda vurmuşduq. Belə ki, millimizin o vaxtkı kapitanı Nazim Süleymanov 1:4də təsəlli qolumuza imza atmışdı. 

Koşitseyə 2-ci səfərimiz də 90-ci illərə təsadüf edir. Belə ki, 1998-ci ilin sentyabrın 5-də Slovakiyanın qonağı olaraq yenə böyük hesabla, yenə 3 top fərqiylə uduzuruq - bu dəfə 0:3.

Bu matçla bağlı maraqlı məqam ondadı ki, Slovakiya millisi 26 ildən sonra bu şəhərə indi qayıdaraq yenidən Azərbaycanla oyun keçirəcək.

Slovakiyayla bağlı futbolumuzda digər maraqlı məqamlar da var. Əvvəla, Azərbaycan müstəqil olandan sonra futbolda ilk rəsmi qələbəsini məhz Slovakiya üzərində qazanıb. Bu, 1995-ci ildə Türkiyədə U-21-lərin seçmə mərhələ matçında olub ki, onda hücumçu Samir Məmmədovun yeganə qoluyla tarixi qələbəmiz gerçəkləşib.

Azərbaycan UEFA kubokunda ilk dəfə mərhələni də məhz slovakları keçib. Bu, 2006-cı ildə Yevlaxın “Karvan” klubuyla Tranava “Spartak”ını hər 2 oyunda 1:0 hesabıyla məğlub edərək reallaşıb. Maraqlıdı ki, 90-ci illərdə millimizin futbolçusu kimi Slovakiyaya darmadağınla üzülmüş Yunis Hüseynov revanşı baş məşqçi kimi alaraq “Karvan”la tarixə düşmüşdü. 

Millimizin 32 illik tarixində ən yaddaqalan qələblərindən biri deyəndə, məhz Slovakiyanı Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabıyla yendiyimiz matçı xatırlayırıq. Onda İqor Ponomaryovun komandası slovaklara elə badalaq vurdu ki, onları qrupda saxladı, əvəzində 2-ci yerlə çıxan qardaş Türkiyə yığmasına dünya çempionatına yollanaraq tarixi nəticəni - bürünc medalı qazandı.

Əlbəttə, indi tam fərqli dövrdü, tam fərqli milli komandadı. Bu, portuqaliyalı yeni baş məşqçimiz Fernandu Santuşun millimizlə ilk səfər sınağıdı. Onun italiyalı sələfi Canni de Byazi milli komandamızla Slovakiyadan qələbəylə - 2:1-lə qayıtmağı bacarmışdı. İndi rəqib daha güclüdü və buna elə bu yay Avropa çempionatında şahid olduq. Azərbaycanda bu axçamkı matçda nəinki qələbəmizə, hətta heç-heçəmizə ümidlər azdı, çox azdı. Amma Santuş dünənki mətbuat konfransında çox inamlı, iddialı idi və bizlərlə razı olmayaraq qələbə gözlədiyini açıq şəkildə bəyan etdi. Təbii ki, hər bir komandada baş məşqçinin inamlı olması çox yaxşıdı. İndi qalır futbolçularımızın da özlərinə inanaraq yaxşı nəticə qazana bilmək gücündə olduqlarını bu axşam Koşitse Futbol Arenasında göstərməsi….

 

Mehman Süleymanov,  Koşitse (səfər “Misli”nin dəstəyi ilə həyata keçib)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC