I Liqadan Premyer Liqaya yüksələn “Şamaxı” göstərdiyi oyun və nəticələri ilə seçilir. Son 4 oyuna 10 xal qazanan bölgə təmsilçisi növbəti turda “Turan Tovuz”u qəbul edəcək. “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov sabiq komandasına qarşı ilk oyunu ərəfəsində müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir.
- Son 4 oyunda “Zirə”, “Sumqayıt” və “Kəpəz”ə qalib gəlmisiniz, “Neftçi” ilə heç-heçə etmisiniz. Demək olarmı tez bir zamanda istədiyiniz komandanı formalaşdırmısınız?
- Yeni komanda üçün hər xal vacibdir. Bilirsiniz ki, yeni qurulan kollektivə vaxt lazım olur. Amma futbolçularımızın elə ilk oyunlardan göstərdiyi xarakter məni qane edir. Təbii ki, indi başqa nəticə də ola bilərdi. Həqiqətən komanda xarakter göstərir. Bununla belə, işləniləsi çox şey var. Desək ki, “bizdə hər şey mükəmməldir” özümüzü aldatmış olarıq. Hər məşqdə çatışmazlıqarın üzərində işləyirik. Çempionat uzun marafondur, hələ çətin oyunlar qarşıdadır.
- Bundan əvvəl çalışdığınız klublarda da komanda qurmağınız üçün çox vaxta ehtiyac olmadığını görmüşük. Bu gün vaxtı bəhanə edən məşqçilər üçün sizi nümunə göstərmək olar...
- Klub rəhbərliyindən və məşqçi heyətindən çox şey asılıdır. Mən hansı klubda çalışmışamsa, orada ilk növbədə rəhbərlik mənə inanıb və istədiyim komandanı qurmağa kömək edib. Burada klubun büdcəsi məsələsi də var. Qarşıya qoyulan məqsəddən də asılıdır. Mən həmişə komandanı özüm qurmağa çalışmışam. “Şamaxı”da seleksiya üçün vaxtımız az idi. Bəzi oyunçuları gətirə bilmədik. Amma məncə, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün heyətimiz yetərlidir. Komandanı qurmaqla şəxsən məşqçi heyəti məşğul olub. Məncə, hər şey buradan başlayır. Klub rəhbərliyi ilə məşqçinin anlaşması önəmlidir. Görürük ki, bəzi klublarda məşqçi ilə klub rəhbərliyi arasında olan fikir ayrılığı komandanın nəticələrinə təsir edir.
- Büdcənizin məhdud olması heyət qurmaqda nə dərəcədə çətinlik yaradır?
- Biz hər şeyə əvvəldən razılaşmışıq. Mövsümün sonuna qədər də bu qrafiklə gedəcəyik. Bizim başqa yerdən gəlirimiz yoxdur. Hər şey mövsümün əvvəlindən bölünüb. Bunu futbolçularımıza da çatdırmışam. Onlar bilir ki, bizim maksimum şəraitimiz budur. Futbolçulara da nə söz verilibsə, yerinə yetirilir. Gələcəkdə nə olacaqsa, bu da bir stimuldur. Biz özümüzü imkanımıza uyğun motivasiya etmişik. Bu gün hansısa bizdən yaxşı büdcəsi olan kluba baxıb həsəd aparsaq, bu iş olmayacaq. Bizim öz məqsədimiz var. Buna uyğun hərəkət edirik. Məncə, qarşımıza qoyulan məqsədə çata bilərik.
- Hansı məqsədi nəzərdə tutursunuz?
- Məqsədimiz bu mövsüm Premyer Liqada möhkəmlənməkdir, öz oyun üslubumuzu qurmaq, mübariz komanda formalaşdırmaqdır. Heyətdə olan futbolçular da bir-birinə uyğunlaşmalıdır. Komandanın onurğa sütunu olmalıdır. Birinci ildə nəticə əldə etmək çox çətindir. İldən-ilə inkişaf edirsən və uğur özü gəlir.
- Transfer siyasəti komandanın nəticələrinə ən çox təsir edən amillərdəndir. Sizdə bu iş necə aparılır? Heyətə cəlb olunan futbolçular özlərini doğruldur?
- Transferlərə bilavasitə özüm cavabdehəm. Öz məşqçi heyətimlə seleksiya aparmışam. Büdcəyə uyğun transferlər etmişik. Şükür ki, komandada uyğunlaşmaqda problem olmadı. Gənc futbolçulara da şans veririk. Onlara inandığımı demişəm. Premyer Liqada ilk oyunlarına çıxırlar. Adill Nağıyevə, İlkin Muradova, Rəfail Məhərrəmliyə güvənib transfer etdik. Rüfət Abbasov mənim üçün tapıntıdır. 1-ci liqada oynayan 7-8 futbolçunu komandada saxlamşıq. Komandanı onların ətrafında yığdıq. Digərləri isə legionerlərdir. Onlar da tanıdığım futbolçulardır. Mənimlə daha əvvəl çalışanlar da var. Qapıçımız Rikardo ötən mövsüm az oynasa da, onun potensialını gördük və özünü doğruldur. İnanıram ki, bundan da yaxşı transferlər edə bilərik.
- Məşhur futbolçu Kristian Bentekenin qardaşı Conanat Bentekeni də heyətə cəlb etmisiniz. Onun oyunu ilə bağlı nə fikirdəsiniz? Qardaşı kimi parlamaq potensialı var?
- Benteke çox potensiallı futbolçudur. Ona inamım həddindən çoxdur. Ötən mövsümü çox yaxşı keçirib. Müəyyən səbəblər var ki, hələ onu çox oynada bilmirik. Legioner limiti var. Amma çempionat uzundur. Bütün futbolçular bizə kömək edəcək.
- Premyer Liqada növbəti oyununuz “Turan Tovuz”a qarşıdır. Sabiq komandanıza qarşı ilk matçda sizin üçün hər hansı prinsipiallıq olacaq?
- Xeyr, prinsipiallıq yoxdur. Mən “Turan Tovuz”dan başqa Azərbaycanda daha iki klubda çalışmışam. “Turan Tovuz”da iki yaxşı mövsüm keçirmişəm. Komandanın inkişafı üçün əlimdən gələni etmişəm. “Turan Tovuz”un iddialı olmasında əməyimiz var. Heç bir prinsipiallıq yoxdur. Klub rəhbərliyi ilə münasibətimiz əladır. “Kəpəz”lə oyunumuz Tovuzda oldu. Klub rəhbərliyi gəldi, bizi təbrik etdi. Bir-birimizi görəndə sevinirik. Amma təbii ki, “Turan Tovuz” da digərləri kimi bizə rəqibdir. Evdə oynayacağıq. Biz də qalib gəlmək istəyirik, onlar da. Futbol bir mübarizədir. Amma burada futboldan kənar hansısa prinsipiallıqdan söhbət gedə bilməz (qol.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC