“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev müsahibə verib.
O, komandanın Bakıda inşa olunan yeni təlim-məşq bazası və görülən işlər barədə danışıb. Klub rəsmisi Tovuz şəhər stadionundakı yeniliklərdən, eyni zamanda transferlərdən bəhs edib.
Presssport.az həmin müsahibəni təqdim edir.
- Bakıda "Turan Tovuz"un yeni təlim-məşq bazası inşa edilir. İşlər hansı yerdədir?
- Bakıda keçirilən oyunlara gələndə çox əziyyət çəkirdik. Məşq etmək üçün meydan tapa bilmirdik. Hansı kluba müraciət edirdiksə, müsbət cavab ala bilmirdik. "Sumqayıt" istisna olmaqla, heç kim məşq etmək üçün yer ayırmırdı. Onlara bizə imkan yaratdıqlarına görə təşəkkürümüzü bildiririk. Düzdü, son vaxtlar artıq "Dalğa Arena"da məşq edirdik. Lakin düşündük ki, öz məşq meydanımız olsa, Bakıda çətinlik çəkmərik.
- Təlim-məşq bazası hansı ərazidə yerləşir?
- Kürdəxanı qəsəbəsində torpaq sahəsi aldıq. Artıq işlərə başlanılıb, stadionun inşası davam edir. Demək olar, işlərin 50 faizi görülüb. Artıq bir neçə gün sonra meydanın otu üçün toxum səpiləcək.
- Stadion məşq üçün nə vaxt hazır vəziyyətə gətiriləcək?
Əslində, demək olar, hazırdır. Sadəcə, toxum səpilməlidir və otun yetişməsi zaman apara bilər. Nəzərə alsaq ki, üzü qış fəslinə doğru gedir, fikrimcə, uzağı 2 aya həm stadion, həm də paltardəyişmə otaqları hazır olacaq. Bildirmək istəyirəm ki, işlər çox sürətli gedir. Ustalar növbəli şəkildə 24 saat fəaliyyət göstərirlər.
- Sözügedən ərazidə təxminən neçə məşq meydanı olacaq?
- Ərazi genişdir və minimum üç meydan olacaq ki, bu da futbolçuların rahat məşq etməsinə imkan yaradacaq. Əslində bu sayı bir qədər də artırmaq olardı. Sadəcə, sıxlıq yaranmağını istəmirik. Çünki başqa planlarımız da var. Meydan məsələsi tam həllini tapdıqdan sonra orada baza tikməyi planlaşdırırıq. “Turan Tovuz”un Bakı səfərlərində əziyyət çəkməsini istəmirik. Komanda oyundan əvvəl Bakıya gələcək, öz bazasında məskunlaşacaq və məşqini edəcək. Başqa otellərdə yerləşməyə ehtiyac qalmayacaq.
- Söhbət necə bir bazadan gedir?
- Tovuz şəhərində inşa etdiyimiz dörd mərtəbəli binanın eyni layihəsi olacaq. Onu deyə bilərəm ki, yüksək səviyyədə şərait olacaq. Komandanın inkişaf etməsi üçün əlimizdən gələn hər şeyi edirik.
- Tovuz şəhər stadionunda da dəyişikliklər edəcəksiniz?
- Bəli, planlarımız arasında bu da var. Bildiyiniz kimi, ötən mövsüm UEFA nümayəndələri Tovuza gəldilər və stadionumuza baxış keçirdilər. Stadionumuz avrokubok oyunlarının I təsnifat mərhələsinin oyunlarını qəbul etməyə hazırdır. Biz istəyirik ki, çatışmayan cəhətləri aradan qaldıraq və stadion növbəti mərhələnin oyunlarının standartlarına da cavab versin. Yanvardan lazımi işlərə başlanılacaq. Stadionda azarkeşlərin oturduğu üstüaçıq ərazi bağlanacaq. Həmin yerdə müəyyən qədər tribuna sayının artırılacağı gözlənilir. Bundan başqa, azarkeşlərin stadiona girişi də həmin nöqtədən olacaq. Dayanmırıq, çalışırıq. Şükürlər olsun ki, əziyyətimizin bəhrəsini görməyə başlamışıq. Həm aşağı yaş qruplarından ibarət, həm də əsas komandamızın nəticələri pis deyil. Əvəzedicilərimiz də turnir cədvəlində birinci sırada qərarlaşıb.
- Komandanın çıxışından söz düşmüşkən, ötən həftəyə qədər turnir cədvəlində lider olan “Turan Tovuz” mövqeyini itirdi. Sizcə, birinci yerə qayıtmaq mümkün olacaq?
- İnşallah, birinci pilləni geri qaytaracağıq. Əsas istəyimiz budur. Baş məşqçimiz Kurban Berdıyev çox yaxşı kollektiv yaradıb. Çəkilən əziyyətlərin bəhrəsini mövsümün sonunda görəcəyik.
- Transfer çalışmaları hansı yerdədir, komandaya yeni futbolçular cəlb olunacaq?
- "Transfer pəncərəsi" rəsmən bağlansa da, yeni futbolçu axtarışlarımız bitməyib. Lakin hazırda ancaq azad agent statusu daşıyan oyunçularla müqavilə bağlamaq mümkündür. Bu isə işi bir qədər çətinləşdirir. Bu məsələdə yanılmaq istəmirik. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev baş məşqçimizə güvənir və transfer məsələləri üçün müəyyən büdcə ayırıb. Məbləğ konfidensiallıq səbəbindən açıqlanmayacaq. Lakin sizi əmin edə bilərəm ki, yüksək səviyyəli futbolçuların keçidini təmin edə biləcək məbləğ ayrılıb. Bu məsələdə ixtiyar baş məşqçiyə verilib. Yaxşı futbolçu tapılsa, indi, alınmasa, qışda heyəti bir qədər də gücləndirəcəyik.
- Azərbaycan Premyer Liqasının VI turunda, “Sabah”la oyunda və VII turda “Araz-Naxçıvan”la qarşılaşmada baş hakimlərin qərarları birmənalı qarşılanmadı. Sizin bu məsələdə mövqeyiniz necədir?
- Əslində çətin sualdır. Hakimlər barədə çox danışmaq istəmirik. Baş məşqçimiz Kurban Berdıyev də mətbuat konfransında bu barədə çox şərh vermədi. Belə başa düşürəm ki, hakimlər həmin vaxt görmək istədiklərini görürlər. Amma biz həmin epizodlarla bağlı peşəkarlara müraciət etdik, sual verdik və belə qənaətə gəldik ki, ortada qərəzli qərar var. Qərəzin səbəbi isə bizə məlum deyil. Bununla belə, həvəsdən düşmürük və daha yaxşı işlər görmək istəyirik. Komanda üçün lazımi işlər görürük, akademiyamızı yaddan çıxarmırıq. Əvvəl komandanın oyunlara getməsi üçün 1 avtobus tapılmırdı. Bu gün stadionumuzun həyətində 3 avtobus dayanıb. Onun biri əsas komandaya, ikisi akademiyaya aiddir (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC