"Kəpəz"in baş məşqçisi futbolçularının milliyə çağırılmamasından gileylidi: "Əla qapıçımız var, yığmaya namizəd sayıram, liqamızda elə bir göstəricilərə malik başqa qolkiper görmürəm"
“Kəpəz” Futbol Akademiyasının açılmasıyla yeni bir mərhələ başlayıb. Belə ki, artıq akademiya komandaları daha yaxşı şəraitdə məşq edir. Onlardan biri olan U-15 komandasını Gəncə klubunun yetirmələri, tarixində ən yaxşı futbolçularından olmuş İlqar Hüseynovla Rövşən Əhmədov çalışdırır. Gəncəlilər AFFA U-15 Liqasının son turunda Şağan Olimpiya İdman Kompleksinin stadionunda ASTA-nı 1:0 hesablı məğlub edərək hesabına 6-cı xalı yazdı. Onu da bildirək ki, Nizami yurdunun təmsilçisi turnir cədvəlində 15 komanda arasında 9-cu olsa da, digərləriylə müqayisədə 2 oyun az keçirib. “Kəpəz” U-15 komandasının baş məşqçisi olan Hüseynovla paytaxta son səfərindən sonra söhbətləşdik. O, Presssport.az-a müsahibəsində yetirmələrindən milliyə heç kimin çağırılmamasına da toxunub.
- Liqanız 6 tur arxada qalsa da, cəmi 4 oyun keçirmisiniz. Bunun yarısında qalib gəlmisiniz, yarısında isə məğlub olmusunuz. Nəticəni nə dərəcədə qənaətbəxş sayırsınız?
- - Komandanı demək olar artıq 4-cü ildir çalışdırıram. Köməkçim Rövşən Əhmədovla birgə işləyirik. Pis komanda yaratmamışıq, normal bir komandadı. Bugünkü şəraitimiz də keçən illərə baxanda daha yaxşıdı. Əla meydançalara malikik, toplarla, idman inventarları ilə təmin olunmuşuq, fitnes zalımız var. Artıq akademiya komandalarımız fitnesə gedə bilirlər. Bir sözlə, rəhbərlik tərəfindən bizə hər cür şərait yaradılıb.
- - Bu yaşdakı futbolçular sözünüzə baxırlarmı, yoxsa ərköyündürlər?
- - (gülür) Maşallah, yaxşdıdırlar. Çoxdandı bir yerdəyik, elə bir arzuolunmaz halla rastlaşmamışıq.
- - Mövsümə hədəfiniz nədi?
- - Yəqin, ilk “6-lıq”da qərarlaşacağıq. İnşallah, yekun nəticəni zaman göstərəcək.
- - Sizcə, uşaq futbolunda nəticə önəmlidi, yoxsa daha vacib olan şeylər var?
- - Adətən rəhbərliyimiz, koordinatorlarımız bizdən əsas təməl inkişafı qarşılarına məqsəd qoyub. Allahın köməyilə gələcəkdə əsas komandaya futbolçu yetişdirməklə məşğuluq. Nəticə baxımından bizə elə bir şey tapşırılmayıb. Buna görə futbolçularımızın hamısına şans veririk ki, görək onlarda nə var, nə yox. Tez-tez mövqelərdə dəyişiklik edirik. Lakin nəticəni önəmli saymırıq. Təəssüflər olsun ki, bizim komandadan U-15 yığmasına heç kim çağırılmır. Halbuki, dəvət edib heç olmada baxışdan keçirmək olardı.
- - “Kəpəz” hələ oynadığınız vaxtda milli komandamıza çox futbolçu verirdi. Amma hazırkı reallıq belədi ki, son təmsilçiniz demək olar Mahmud Qurbanovdu, 15 ilə yaxındı heç kim çağırılmır. Sizcə, Gəncədən yaxın gələcəkdə partlayış verərək millinin aparıcı üzvünə çevriləcək futbolçu olacaqmı?
- - Dediyiniz müddətdə "Kəpəz"də intervallar olub - Premyer Liqa, I Liqa. Yüksək liqada fəaliyyətini dayandırdığına görə bir az pərən-pərən vəziyyət yaranıb. Düz vurğulayırsınız, bu gün həqiqətən yığmada oyunçularımız iştirak eləmir. Onu deyim ki, yığmalarımızın məşqçilərinin də gəlib liqalarda oyunlara baxmaları lazımdı. Gəncəyə demək olar heç kim gəlmir. Misal üçün son ev oyunumuz olan "Sabah"la görüşdə son dəqiqədə buraxdığımız qolla 2:3 hesabıyla uduzduq. Hansından ki, 8-9 nəfər yığmaya cəlb olunur. Bu gün belə güclü komandayla rəqabət aparan kollektiv yaratmışıqsa, deməli, onların içindən də yığmaya kimsə düşə bilər. Çox demirəm, reallıqla danışanda, bizdən 2-3 nəfər yığmaya cəlb oluna bilər. İki nəfərimiz daha real görünür ki, o yaş qrupunda oynamağa layiqlidi.
- - Onlar arasında qapıçınız Qüdrət Qarayev var?
- - Bəli. O, yenidi, komandamıza bu yay qoşulub. Bizdə seleksiya işləri görülür və Qüdrəti Goranboydan dəvət eləmişik. Sınaqdan keçirilib və az müddətdə böyük potensialını görmüşük. Ümumiyyyətlə, çox böyük potensiala malikdi. İnşalah, bu addımlarla getsə, 2 il ərzində ya əvəzedici, ya da U-19 komandamızda debüt edər.
- - Hələ 15 yaşı tamam olsa da, yaxşı boya malikdi - 1,84-1,85 metr.
- - Bəli, bu, hazırkı yaşı üçün çox yaxşı göstəricidi. Təbii ki, qapıçı üçün boy vacib amildi. Qüdrətdə isə həm boy var, həm də istedad. Yəni, ikisi də bir yerdə cəmləşib ki, qapıçı üçün bu, böyük üstünlükdü. Sadəcə, Qarayev bizə bir az gec qoşulduğuna görə ona zaman lazımdı. Bugünkü perspektivi əlaya yaxındı, amma mövsümün sonunda inşallah, əla bir performans göstərər.
- - Sizcə, Qüdrət əsas nə üzərində işləməlidi ki, daha da artırsın?
- - Bizim akademiyada koordinatorumuz Vasif Vəliyev qapıçı məşqçiləriylə elə bir iş qurub ki, detallı işlər gedir. Əsas komandamızın qapıçılarla işləyən məşqçisi Vüqar Məmmədov da əziyyət çəkir Qüdrət üzərində. Uşaq futbolunda 4 gün məşqdirsə, bizdə 5-6 gün məşqlər olar. Qapıçımızda yaşı artdıqca daha çox inkişaf olacaq. Buraxdığımız toplar elə də çox deyil, yəni, vurduqlarımızdan azdı. Qüdrətin çıxardığı toplar çoxdu, əla qurtarışlara malikdi. Bu gün qapıçımızın etibarlı oyununa görə komanda oyunu arxadan rahat qura bilir. Etibarlı qapıçımızdı, hava toplarında demək olar uduzmur. Maşallah, Qüdrət əladı. Bu gün 2-3 futbolçu görürəmsə yığmamıza, biri məhz Qarayevdi. Liqamızda elə bir göstəriclərə malik başqa qapıçı görmürəm.