“Zirə”nin futbolçusu Ruan Renato müsahibə verib. 30 yaşlı braziliyalı müdafiəçi komandanın cari mövsümdə avrokuboklarda çıxışından, Premyer Liqadakı hədəflərindən və başqa mövzulardan söz açıb.
Presssport.az həmin müsahibəni təqdim edir.
- Komanda altı oyundan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Bir oyununuzun da ehtiyatda olduğunu nəzərə alsaq, nəticə sizi qane edir?
- Biz qane olmuruq. Hər zaman daha artığını istəyirik. Amma çempionata çox yaxşı start verən komandaların da olduğunu bilirik. Daha yüksək pillələrə yüksəlmək üçün işimizi davam etdirməliyik.
- Son turda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdiniz. Bu matç haqqında nə deyə bilərsiniz?
- Əla oyun göstərdik. Səfərdə bu rəqibə qarşı mübarizə aparmağın nə qədər çətin olduğunu anlayırıq. Ancaq təzyiqi yaxşı idarə edə bildik. Həftə ərzində çalışdığımız hər şeyi meydanda tətbiq edərək vacib olan nəticəni qazandıq.
- VIII turda "Kəpəz"i qəbul edəcəksiniz. Rəqibin indiyədək xal qazana bilməməsi sizdə arxayınlıq yaratmır?
- Asan oyun yoxdur. Ötən mövsüm ardıcıl dörd qələbə qazanmışdıq. V turda qalibiyyəti olmayan "Qəbələ"yə uduzduq. Asan matç olacağını düşünərək meydana çıxsaq, problemlərimiz olacaq. "Kəpəz" son günlər güclənib. Ötən mövsümün sonunda da yaxşı nəticələr əldə etmişdilər. Diqqətimizi cəmləyib bu qarşılaşmaya yaxşı hazırlaşmalıyıq. Qələbə üçün əlimizdən gələni etməliyik.
- Cari mövsümdə UEFA Konfrans Liqasında pley-offa kimi irəliləyə bildiniz. Avrokuboklardakı çıxışınızı necə dəyərləndirirsiniz?
- Çox yaxşı təcrübə idi. Kiprdə "Omoniya"ya uduzduğumuz görüşlə bağlı pis hisslər var. Amma bu oyundan başqa, komandanın digər matçlarından razı qaldım. Təkcə "Zirə" yox, heyətdə yer alan bir çox oyunçu bu təcrübəni ilk dəfə yaşayırdı. Hazırda növbəti dəfə avrokuboklarda çıxış etmək üçün bütün diqqətimizi Premyer Liqaya yönəltməliyik. Bu dəfə daha hazırlıqlı olacağıq.
- Ümumiyyətlə, cari mövsümdə "Zirə"nin əsas məqsədi nədir?
- Ötən mövsüm çempionatda və ölkə kubokunda ikinci olmuşduq. Bu mövsüm bizdən çox şey gözlənildiyini də bilirik. Bunun qarşılığını vermək üçün də çox hazırlaşmışıq. Yenidən avrokuboka qayıtmaq və "Zirə"yə ilk titulu qazandırmaq niyyətindəyik. Bu, böyüməkdə olan və titula layiq klubdur.
- Çoxları Premyer Liqada "Qarabağ"ın rəqibsiz olduğunu düşünür. Sizcə, hansısa digər bir komanda çempionluq uğrunda mübarizə apara bilər?
- "Qarabağ"ın klub olaraq digərlərindən çox üstün olduğunu bilirik. Ancaq biz daha əvvəl məğlubiyyəti qəbul etdiyimiz yarışa girmərik. Amma futbolda sürprizlər də olur. Bunun həyəcanlandıran tərəfi də məhz budur. Azərbaycanda klublar inkişaf edir, heyətlərini gücləndirirlər. "Qarabağ"dan çempionluğu almaq çətin missiyadır. Lakin bizim işimiz Premyer Liqada hər hansı klubla başabaş rəqabət aparmaq üçün əlimizdən gələni etməkdir. Sonda cəhdlərimizin bizi nə qədər irəli apardığını görəcəyik.
- 2021-ci ildən Azərbaycanda çıxış edirsiniz. Ötən illərlə müqayisədə çempionatın səviyyəsi necədir?
- Premyer Liqanın səviyyəsi xeyli yüksəlib. Buna görə çox şadam. Yarış təkcə futbolçular, həm də azarkeşlər üçün cəlbedici olur. İnanıram ki, daha rəqabətli oyun görəcəyik və stadionlarda çox azarkeş komandalara dəstək olacaq. Tribunalarda fanatların çoxluğu turnirin səviyyəsinə, komandaların çıxışına və başqa amillərə təsir edir. Ancaq səbirli olmalı və üzərimizə düşəni etməliyik. Azərbaycan Premyer Liqası doğru yoldadır. Ümid edirəm ki, irəliləyiş davamlı olacaq.
- Sabiq komandanız "Qəbələ" ilə oyunları xatırladınız. "Qırmızı-qaralar" artıq I Liqada mübarizə aparır. Sizcə, Kaxaber Sxadadzenin rəhbərliyi altında yenidən Premyer Liqaya vəsiqə qazana biləcəklər?
- "Qəbələ"də iki xoşbəxt il keçirmişəm. Bu kluba böyük sevgim var. Aşağı liqaya düşmələrinə də çox üzüldüm. Ümid edirəm ki, komanda yenidən əsas çempionatda çıxış edəcək. "Qəbələ" azarkeşləri və şəhər buna layiqdir. Güclü "Qəbələ", əlbəttə ki, Premyer Liqanın da səviyyəsini yüksəldəcək (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC