Ayxan Qüseynov: "Hələ də legioner sayılmağım ən böyük problemimdi, əl-qolumu bağlayır, açığı, bu haqda düşünmək məni bezdirib"
“Turan Tovuz” Premyer Liqada çıxış edəndən heyətində olan Ayxan Quseynov daim əsas heyətdə yer almasa da, aparıcı futbolçularından sayılır. Onun start heyətə yolunu kəsən əsas maneələrdən biri hələ legioner statusu daşımasıdı. Əslən azərbaycanlı olsa da, Rusiya vətəndaşı olduğundan legioner sayılan 25 yaşlı yarımmüdafiəçi Presssport.az-a müsahibəsində bu və digər məqamlara toxunub.
- Son turda Şamaxıda 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?
- Oyun daha çox heç-heçəlik idi. “Şamaxı” evdə çox yaxşı oynayır. Ümumiyyətlə, çox yaxşı komandadı. Onlarla qarşı oynamaq ağırdı. Hesabımıza 1 xal yazmaq normaldı.
- Mövsümə çox yaxşı başladınız, hətta lider oldunuz. Lakin son 3 turda qələbə qazana bilmirsiniz. Nə baş verir?
- Həmişə qalib gəlmək mümkün deyil. Əlbəttə ki, bunadək olan 2 matçda mübahisəli epizodlar vardı. Hansılar ki bir az fikirləşməyə məcbur etdi. Belə götürəndə, olur belə şeylər. Şamaxıda isə bərabərsəviyyəli oyun oldu. Yəni, eyni zamanda hakimlər tərəfindən.
- Rəqibiniz isə hesab edir ki, hakimlər “Turan Tovuz”a son saniyələrdə məğlubiyyətdən xilas olmağa kömək etdi…
- Videotəkrara baxmamışam. Deyirlər ki, aşkar penalti idi, bilmirəm…Baş hakim VAR monitoruna baxmağa gedibsə və baxıb penalti nöqtəsini göstərirsə, deməli, vardı.
- Meydanda çox sərt mübarizə getdi. Bu, Ayxan Abbasovun keçmiş komandasıyla dueldəki prinsipiallığıa görə idi?
- Yəqin ki, buna görə idi. Təkcə Ayxan müəllim yox, rəqib düşərgədə bizə tanış olan başqa simalar da vardı. Yaxşı münasibət vardı, amma bu amil meydanda əlavə azart, aqressiya, motivasiya verirdi. Onu da deyim ki, "Şamaxı" sərt oynayan komandadı və mübarizədə geri qalmamağa çalışırdıq. Pis alınmadı.
- Baş məşqçiniz Kurban Berdıyev bu matça sizi adi növbəti oyun kimi kökləmişdi, yoxsa Ayxan Abbasov amilinə görə xüsusi hazırlaşdırmışdı? Hər halda, sabiq baş məşqçiniz “Turan Tovuz”a çox yaxşı tanıyır…
- Prinsipcə, adi qaydada hazırlaşmışdıq. Bəli, baş məşqçimiz bizə demişdi ki, əlavə motivasiya olacaq “Şamaxı”da. Amma ümumilikdə, hər oyuna necə hazrlaşmışdıq, buna da elə hazırlaşmağa çalışmışdıq.
- “Sabah”la səfər matçında meydana sonradan uğurla girdin və bundan sonra əsas heyətdə yer alırsan. Öz oyunundan razısan?
- Hesab edirəm ki, artırıram. Lakin bu, yavaş-yavaş olur. Birdən artırmaq və ən yüksək səviyyədə səhvsiz oynamaq qeyri-mümkündü. Yaxşı anlar da olur, elə anlar da olur ki, bunun üzərində işləmək lazımdı. Əlbəttə, start heyətdə oynamaq xoşdu. Lakin bunun üçün hər məşqdə mübarizə aparmaq, artırmaq lazımdı. Əks halda yenidən ehtiyatda qalacam.
- Və bir amil də var, əsas heyətdə yer almağına ciddi təsir göstərir. Bu, hələ də legioner statusu daşımağındı…
- Bəli, Azərbaycan pasportu olmamağım hələ də ən böyük problemimdi. Belə demək olar ki, legioner sayılmağım bir az əl-qolumu bağlayır. Amma bilmirəm nə deyim…Hətta açığı, bu haqda düşünmək məni bezdirib. Nə olacaq, o da olacaq. Yerli oyunçu olmağım alınacaqsa - çox super! Yox - legioner kimi çıxış etməkdə davam edəcəm.
- Deyilənə görə, millimizin portuqaliyalı baş məşqçisi Fernandu Santuş oyununu görərək bəyənib və o da Azərbaycan pasportu almağında maraqlıdı…
- Mənə deyildi ki, “Sabah”la oyunumuzda idi. Onda da çox yaxşı, maraqlı matç alındı. Nə deyib, fikirlkəri necədi - onu eşitməmişəm. Məni bəyənibsə, bu, yaxşıdı, xoşdu (gülür). Sonra necə olacağını isə bilmirəm.
- Son turda “Zirə”ni qəbul edəcəksiniz. Rəqibin Rəşad Sadıqov baş məşqçisi oyununu izləmək üçün Şamaxıya gəlmişdi…
- Burda olub? Aha, aydındı.
- "Zirə" yeni mövsümdə çox artırıb…
- Razıyam, çox güclü komandadı. Ümumiyyətlə, bu mövsüm çox maraqlı çempionatdı. Bütün komandalar artırır, yaxşı kollektivlər yaradıblar. İlk gözə çarpan odur ki, hamı fiziki cəhətdən artırıb. Yaxşı fiziki göstəricilərə malik, iri gövdəli futbolçuları heyətlərinə görmək istəyirlər. Bu, yaxşıdı, rəqabət artıb. Çox komanda var ki, yaxşı oynayır və turnir cədvəlinin yuxarılarında olaraq aralarında gərgin mübarizə gedir.
- Hamı deyir ki, Berdıyevin gəlişindən sonra “Turan Tovuz” avrokuboklarına qarşısına məqsəd qoyaraq bunun üçün sonaədk ciddi mübarizə aparacaq. Bu, sizə motivasiya verir, yoxsa əksinə, təzyiq yaradır?
- Bəli, qarşımıza belə vəzifə qoyulub. Hələ ki təzyiq yoxdu. Sadəcə, hər futbolçu artırmaq, nəyəsə nail olmaq istəyir. Bunu özü də istəməlidi, yoxsa prezident, yoxsa rəhbərlikdən kimsə desin kİ, Avropaya çıxmaq lazımdı - təkcə bununla iş bitmir!
- Berdıyevin də əlində sehirli çubuq yoxdu ki, dərhal hər şeyə nail olsun…
- Elədi, baş məşqçi hər şey deyir, hər şeyi vaxtında diqqətimizə çatdırır. Çox güclü mütəxəssisdi. Amma dediyim kimi, hər şey futbolçudan asılıdı. Başınla fikirləşməyib, fiziki cəhətdən hazır olmayacaqsansa, onda qarşıya qoyulan vəzifəni necə yerinə yetirə biləcəksən? Bilməyəcəksən. Biz futbolçulardan da çox şey asılıdı.