"Çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf idik. Sadəcə, "Turan Tovuz" fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdu. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı".
Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının X turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçuların fiziki durumunun yaxşı olmadığını düşünürsüz?
- Samir Abasov ən azından Azərbaycanda sayılıb-seçilən məşqçilərdən biridi. Komandanı tərk edibsə, onun haqda danışmağa ehtiyac duymuram. Etdiyi işlərə görə təşəkkür edirəm. "Sumqayıt" üçün böyük işlər görüb. Ona "Neftçi"də uğurlar arzulayıram. Komandanı bir həftədir ki, götürmüşəm. Bəzi futbolçuların meydanda göstərdiyi performansı.... Onu siz də görürüsüzsə, bu haqda danışmağıma ehtiyac yoxdu. Futbol hazırda fiziki güc tələb edir. Bu yöndə çalışacağıq. İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldıracağıq.
- Oyun planınız nədən ibarət idi?
- Cinah ötürmələrimizdən sonra "Turan Tovuz" böyük problemlər yaşayırdı. İlk 10 dəqiqədəki epizodlarımız və vurduğumuz qollar da cinah ötürmələrindən sonra yaranmışdı. Əksinə, "Turan Tovuz"un hücumlarının qarşısını aldıq. Rəqibin üstün cəhəti hava topları idi. Sırf bizim oyunçuların orta xətdəki fərdi səhvlərinə görə bu gün qollar buraxdıq. Rəqibin vurduğu qollar da gözəl alındı. "Turan Tovuz"un dominant futbol oynadığını görmədim. Əks-hücumda bizi tutmadılar.
- Premyer Liqada, "Sumqayıt"da baş məşqçi kimi işləməyə özünüzü hazır hesab edirsiniz?
- Vəzifəyə qaçmamışam, indi də qaçmıram. Karyeramı bitirdikdən sonra U-17, U-19, daha sonra əvəzedici heyətlə çalışdım. Hansısa komandada köməkçi məşqçi də işləyə bilərdim. Amma aşağı yaş qruplarından başladım - pillə-pillə. Bu gün özümü hazır hiss etməsəydim, rəhbərlik də bunu hiss etməsəydi... Sabah baş məşqçi kimi karyera alınmasa, özüm istefa verib gedərəm. Bəlkə başqa peşədə, adminstrator kimi çalışaram. Ya da öz üzərimdə işləyərəm, hazır olanda da yenidən qayıdaram. Bugünkü gündə özümü hazır hiss edirəm. Oyun planında işıq gördüyünüzə inanıram. Bu, siqnaldı. İnanıram ki, komanda daha da yaxşı olacaq. Komandamda kimliyindən asılı olmayaraq, intizam “1 nömrə”di. Cordan Rezabal çox yaxşı oyunçudu. Amma bir oyunçu komandanın lehinə mübarizə aparırsa, o, dərhal əvəzlənəcək. Mənim üçün önəmli olan birlik, bərabərlikdi. Hər futbolçu bunu dərk etməlidi.
- Hesab 0:3 olana qədər günahkar Rezabala idi?
- Onu günahkar kimi göstərmirəm. Hər bir futbolçu top itirə bilər. Demirəm ki, Rezabala top itirib. Meydançada olan hərəkətləri var idi. Hər oyunçu top itirə bilər. Amma ondan sonra hərəkətləri necə olacaq? Qol buraxmamaq üçün can yandıracaqsan? Yenidən qazanmaq üçün nə edəcəksən? Bunu görmədiyin halda... Amma Rezabalanın yaxşı futbolçu olmasına şübhəm yoxdu.
- Qısa müddətdə nəyisə dəyişmək asan deyil. Samir Abasovun komandasında nəyi dəyişmək istəyirsiniz?
- Hücuma daha çox çıxmaq istəyirik. Əvəzetmələr cinahları, hücum xəttini yaxşılaşdırmaq üçün idi. Fiziki cəhətdən 90 dəqiqə irəlidə oynamaq üçün onu dəyişdirəcəm. Topa az sahib olmaq o demək deyil ki, ancaq uzun top etmək lazımdı. İrəlidə daha da aktiv olmalıyıq. Hər bir futbolçu irəlidə özünü doğrultmalıdı, özündən də nəsə fikirləşməlidi. Onlar məcburdu. İnanıram ki, sürətli oynayan "Sumqayıt" görəcəyik. Necə ki, zaman-zaman bu oyunda gördük. İnanıram ki, bunu yaxşılaşdıracağıq.
- "Turan Tovuz”a iki qol vurmaq asan deyil. Amma müdafiədə problemlər var. Növbəti turda “Səbail”lə oyunda səhvlər etməmək üçün nə planınız var?
- "Səbail"lə oyun da maraqlı olacaq. Onlara da, bizə də xal lazımdı. İnanıram ki, dəyişikliklər olacaq. İnanıram ki, həmin səhvlər olmayacaq. Burda olduğum müddətdə həmin səhvlər bağışlanmayacaq. Topu itirmək olar. Amma yenidən qazanmaq üçün addım atmaq lazımdır. Kim istəkli, kim can atacaqsa, o da əsas heyətdə olacaq - isimdən, futbolçudan asılı olmayaraq.
- Matçın 25-ci dəqiqəsində sizi istefaya səsləyirdilər...
- Futbolçu karyeramda yaxşı oynadığım dövrdə də tənqid olunurdum. İndiki halda yeni baş məşqçiyəm. Bu, ya kiminsə sifarişidi, ya da futboldan anlamayan insanlardı. Sumqayıtlı azarkeşlər, mətbuat məni dəstəklədi. Sizdən gələn dəstəyi şəhərdən də, rəhbərlikdən də görürəm. Futbolçu kimi Azərbaycan futboluna hardasa xeyrim dəyibsə, məşqçi kimi də faydalı olacağıma əminəm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC