Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov yığmanın təlim-məşq toplanışı haqqında danışıb.
Presssport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında Bakıda 3 məşq keçirəcəklərini söyləyib: "Bu da daha çox taktiki planda olacaq və standartların yerinə yetirilməsi üzərində işləyəcəyik. Noyabrın 3-də Bosniya və Herseqovinaya yola düşəcəyik. Orda oyundan əvvəl bir məşqimiz olacaq. Daha sonra 2 görüş keçirəcəyik".
O, Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisinin səfərə tam heyətlə yollana bilməyəcəklərini söyləyib: "Bilirsiniz ki, qapıçımız Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirir. Düşündük ki, o klubunda qalsın və çempionat oyunlarında iştirak etsin. Çünki Qazaxıstan çempionatının oyunları davam edir. Eləcə də zədə və digər səbəblərdən bu toplanışa qatılmayan futzalçılarımız var. Ümumi götürdükdə, komandada vəziyyət yaxşıdı, uşaqlar istəklidi. Artıq Azərbaycan çempionatı da start götürüb və 3 tur oynanılıb. Bu da futzalçıların oyun təcrübəsi qazanması, milliyə daha hazırlıqlı gəlməsi baxımından önəmlidi".
Borisov sonda vurğulayıb ki, bu yoldaşlıq oyunları AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəkləri görüş üçün hazırlıq xarakteri daşıyır: "Təbii ki, bu, belədi. Rəqibimiz yaxşı komandadı. “Araz-Naxçıvan”la UEFA Çempionlar Liqasının ilkin mərhələsində İsveç çempionuna qarşı oynamışıq. Həmin heyətdə millinin 5-6 futzalçısı yer almışdı. Demək olar, son 5-6 ildə milliləri eyni heyətlə çıxış edir. Bizi çətin qarşılaşma gözləyir”
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC