“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
– Söhbətə Misli Premyer Liqasının 13-cü turunda “Şamaxı” ilə keçirdiyiniz oyundan (2:2) başlayaq. 4-cü dəqiqəyədək 2:0 hesabı ilə önə keçsəniz də, bu üstünlüyünüzü sonadək qoruya bilmədiniz və 1 xalla kifayətlənməli oldunuz. Qələbəni əldən buraxmağınızın səbəbi nə oldu?
– Bəli, oyuna çox yaxşı başlamışdıq. Əfsuslar olsun ki, qələbə hesabını qoruya, 3 xal qazana bilmədik. Nə baş verdiyini mən də anlamadım.
– 13 turdan sonra “Neftçi”nin çempionatda cəmi 1 qələbəsi var. Hazırkı vəziyyət sizi narahat etmir?
– Təbii ki, biz də hazırkı durumdan narazıyıq. Həyatımda heç vaxt belə bir şey yaşamamışdım. Ancaq inanıram ki, birlikdə bu vəziyyətdən çıxacağıq. Başqa seçimimiz yoxdur.
– Baş məşqçi Samir Abasovun “Neftçi”yə qayıdışından sonra komandada nəsə dəyişib? Onunla birgə çalışmaq şəxsən sizin üçün rahatdır?
– Həqiqətən də Abasovla birgə işləmək xoşuma gəlir. Onun xarakterini bəyənirəm. Mənim kimi çılğındır. Hər məşqçinin öz oyun fəlsəfəsi, ideyaları var. Sadəcə, buna tez bir zamanda uyğunlaşmaq lazımdır.
– Çempionatda yaranmış fasilə “Neftçi” üçün faydalı olacaqmı?
– Hazırda istəklə və səylə məşq edirik. Daha çox fiziki hazırlıq keçirik. Ümid edirəm ki, fasilə müddəti komandanın işinə yarayacaq və biz bu vəziyyətdən çıxacağıq.
– Fasilədən sonra ilk oyununuz “Zirə”yə qarşı olacaq. Şansları necə dəyərləndirirsiniz? Bu görüşdən qələbə ilə ayrılmağı bacaracaqsınız?
– Təbii ki, meydana qələbə üçün çıxacağıq. Kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, bizi ancaq qalibiyyət maraqlandırır. Bu görüşdən 3 xalla ayrılmaq istəyirik.
– Hazırkı durumda “Neftçi”nin avrokuboklara vəsiqə qazanmaq şansı nə qədərdir?
– Başa düşürük ki, artıq çempionatda birinci yeri tutmaq asan deyil. Bununla belə, bizim daha bir yolumuz var. Azərbaycan Kubokunu nəzərdə tuturam. Bu turnirin qalibi olmaqla mövsümü kubokla başa çatdıra və avrokuboklara vəsiqə qazana bilərik.
– Azərbaycan çempionatının səviyyəsi sizi qane edir? Hazırkı sezon ötən mövsümdən nə ilə fərqlənir?
– Azərbaycan Premyer Liqasını bəyənirəm. Səviyyəli, rəqabətli liqadır. Mövsümlər arasındakı fərqə gəlincə, ötən sezon çoxlu qələbələr qazanmışdıq. İnanırıq ki, hazırkı vəziyyətdən çıxaraq yenidən qələbələr əldə edəcəyik (futbolinfo.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC