Yankoviç xaricdən təklif gözləyir: "Kim məni istəyirsə, “Qarabağ”a pul ödəməlidi"

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Səbail” üzərində 3:1 hesablı qələbədən sonra müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

– Kubokda “Səbail”i keçmək çətin oldu, yoxsa nisbətən rahat idi?

– Asan oyun olmadı. Vacib olan qələbə qazanmağımızdır. Artıq növbəti mərhələdəki rəqibimizə baxmalıyıq.

– İlk qarşılaşma, yoxsa cavab qarşılaşması daha çətin idi?

– Bunu deyə bilmərəm. Bizim üçün vacib olan mərhələni keçməkdir. Hansı matç daha asan oldu, hansı çətin – bunu düşünmürük.

– Soyuq havada oynamaq sizə nə qədər çətinlik yaradır?

– Əlbəttə ki, çətindir. Yəni oynamaq o qədər də rahat olmadı. Düzdür, burada havalar soyuq keçmir. Amma bundan da çox soyuq olan havalarda meydana çıxmışıq. “Səbail”lə matçda elə də çox soyuq yox idi.

– Hər kəs “Qarabağ”dan iki titul gözləyir – həm çempion olmağınızı, həm də kuboku qazanmağınızı. Real görünür?

– Hər mövsüm biz bunun üçün oynayırıq. Ötən mövsüm də bunu bacarmışdıq. Ondan qabaqkı mövsümdə uda bilməsək də, hədəfimiz hər zaman titulları qazanmaqdır. Görəcəyik.

– Növbəti matçınız “Sumqayıt”a qarşıdır…

– İndi artıq həmin oyunu fikirləşməliyik, ona hazırlaşmalıyıq. Rəqib yaxşı komandadır. Hər komanda çempionata çox ciddi yanaşır, gərgin matçlar keçir. Biz də öz oyunumuza köklənmişik. Yaxşı hazırlaşıb qalib gəlməliyik.

– Xorvatiya mətbuatında məlumat var ki, Zaqreb “Dinamo”su səni transfer etmək istəyir. Bu, nə dərəcədə doğrudur?

– Mənim bundan xəbərim yoxdur. Ola bilər ki, klubda hər hansı məlumat var.

– Son zamanlar “Qarabağ”ın futbolçularına yaxşı təkliflər gəlir. Bunun səbəbi ötən mövsüm Avropa Liqasındakı əla çıxışdır. Sən də o çıxışda əsas pay sahiblərindən və ən yaxşılardan birisən. Necə olur ki, sənə təklif gəlmir?

– (Gülür) Rəsmi olaraq heç bir təklif yoxdur. Amma gözləyirəm. Bir neçə komanda ilə danışıqlar olmuşdu, amma mənim “Qarabağ”la müqaviləm var. Kim məni istəyirsə, “Qarabağ”a pul ödəməlidir. Bundan sonra həmin kluba keçə bilərəm. Bu da ki, rahat deyil. Hər komanda bir oyunçu üçün yüksək məbləğ ödəmək istəmir. Klubum bunun üçün çox pul istəyir.

– Avropa Liqasından sonra Azərbaycan Kubokuna və çempionata necə köklənirsiz?

– Çox çətindir. Boş stadionlarda oynamaq ağırdır. Ambisayalar fərqlidir.

– Necə düşünürsən, azarkeşlərin gəlməməsinə səbəb nədir?

– Bunu bilmirəm. İnsanlar stadiona gəlmək istəmir. Onlar isti evlərində oturub televizordan oyunları izləyirlər. Bu, insanların düşüncəsidir. Çox çətindir. Oyunçular üçün matçlara motivasiya olmaqda problem yaşanır. Əgər bütün oyunlara “Neftçi” və “Sabah”la matçdakı kimi azarkeş gəlsə, maraqlı qarşılaşmalar keçər. Yaxşı atmosferdə yaxşı oyun olur.

– Julio Romao “Ferentsvaroş”a keçdi. Onunla yaxşı tandem idiniz. Bu, sizə çətinlik yaradır?

– Romao çox yaxşı oyunçudur. Onunla əlbəttə ki, yaxşı anlaşırdıq. Amma zamanla oyunçular yerlərini dəyişirlər, başqa komandalara keçirlər. Bu da normal prosesdir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC