"İmarət"də son oyunun iştirakçısı: "Bu filmdən sonra xaricdə də "Qarabağ"a böyük qiymət verəcəklər"

Heydər Əliyev Mərkəzində “Qarabağ FK-30 mövsüm səfərdə” sənədli filminin təqdimatına qatılanlardan biri də təcrübəli mütəxəssis Təbriz Həsənov idi. Futbolçu karyerasının böyük hissəsi məhz Ağdam klubuna bağlı olan, çətin vaxtında onun heyətində oynayan keçmiş yarımmüdafiəçi Presssport.az-a müsahibəsinə film haqda təəssüratlarını bildirməklə başlayıb.

- Yaxşı film alınıb, xoşuma gəldi. Peşəkar iş ortaya qoyulub, maraqlı alınıb. “Qarabağ”ın keçmişi ilə bu gününün gözəl sintezi edilib. Çox müsbət emosiyalarım oyandı. Keçmişə qayıdanda kövrəlirik, amma çəkiliş çox yaxşı idi. Ümumiyyətlə, bu 30 ili 1,5 saatda yaxşı əhatə elədilər. Bəlkə də çox şeyi, çox insanı çəkmədilər. Amma yenə də qısa, konkret də olsa məncə, yaxşı film oldu, yaxşı alındı. Bu işi ərsəyə gətirənlərin hamısına təşəkkürümü bildirirəm. Həqiqətən yaradıcı heyət yaxşı çalışıb, yaxşı işıqlandırıblar. 

  • - Sizə elə gəlmir ki, futbolumuzun belə bir sənədli filmə ehtiyac vardı və boşluq vardı?
  • - Məncə də vardı. Həm də filmdə detallar yaxşı işlənib. “Qarabağ”a qarşı avrokuboklarda olan haqsızlıqları da yaxşı açıqladılar. Bundan başqa, Qurban Qurbanovun "Marsel"lə Bakıdakı matçda etdiyi “Fair Play” hərəkəti - İbrahima Vadjinin əllə qol vurduğu epizoda xüsusi diqqət yetirilib. Filmdə də bununla bağlı fikrimi bildirərək Qurban müəllimin hərəkətini alqışlamışam. Əslində, bildiyim qədər bu film xarici auditoriya üçün də hesablanıb. Hər halda, çəkəndə də bizə belə demişdilər və filmi izləyərək görürsən ki, ingiliscə yazılı tərcümələr də gedir. Mənə elə gəlir ki, o detalları çox gözəl ayırıblar. Qoy, xaricilər özləri də görsünlər “Qarabağ”ın həm keçmişini, həm də bu gününü. “Qarabağ”ın o çətin vaxtına baxanda, heç ağlımıza gəlməzdi ki, bu günləri görəcəyik. Həmişə deyirdik ki, gələcəkdə yaxşı olacaq. Lakin doğrudan da “Qarabağ” Avropa Liqasında bu səviyyədə Azərbaycanı tanıtdırması böyük uğurdu. Təsadüfi deyil ki, MDB komandaları arasında avrokuboklarda ən uğurlu çıxış edənlərdən biri sayılır. Bunun özü nə qədər sevindirici haldı. Məncə, bu filmdən sonra ümumiyyətlə, xaricdə də “Qarabağ”a müsbət mənada böyük qiymət verəcəklər. 
  • - Film 2 dönəmi əhatə edir - "Qarabağ"ın keçmişi və müasir dövrü. Müasirliyə toxunduq, siz isə keçmişlə bağlı olan bir adamsınız. Həm də "Qarabağ"ın müasir dönəmini görmüşüksə, keçmişini az görmüşük. Siz də o illərin canlı şahidisiniz. O çətin dövrə səyahət sizdə hansı hisslər oyatdı?
  • - SSRİ-nin sonu idi, “Göyəzən”də oynayırdım. 1991-ci ildə Ağasəlim Mircavadov məni “Qarabağ”a dəvət elədi. Onda SSRİ çempionatının II dəstəsinin Aralıq zonasında çıxış edirdik. “Qarabağ”a yeni gələn 4 nəfər idik - mən, Camaləddin Əliyev, Mahir Əliyev və Emin Salmanov. Bakıdan qoşulduq Ağdam klubuna. Həmin ili "İmarət" stadionunun ərazisində olan bazada qalırdıq. Bakı uşaqları olduğumuz üçün burda məskunlaşmışdıq, yerli uşaqlar isə evlərində qalırdl. Bazamız "İmarət"in düz içində idi. Yeri gəlmişkən, Xurşudbanı Natəvan də "İmarət" qəbiristanlığında dəfn olunub. Orda ailə qəbiristanlığı var. Uzun müddət “İmarət”dəki bazada yaşadım, orda oynadım Ağdam işğal olunanadək. 
  • - Ağdamdakı axırıncı oyuna filmdə xüsusi yer verilib. Gəlin, buna toxunaq - “Turan”la 1993-cü ilin mayın 12-də Azərbaycan kubokunun yarımfinal matçı…
  • - Oyun zaman düşən bombalara artıq öyrəşmişdik. Çünki bundan əvvəl Sumqayıt "Xəzər"i və Bakı “İnşaatçı”sıyla Ağdamdakı matçlarımızda belə hallar olmuşdu. Raketlər düşmüşdü stadionun ətrafına. Buna görə oyun xeyli dayandı, rəqib komandalar davam etmək istəmədilər. Bizsə buna öyrəşdiyimizdən problem deyildi. Orda qalanda ətraflara bombalar düşürdü. O vaxt “Alazan” deyilən raketlər vardı. Gözümüz onlara öyrəşmişdi, lakin gələn rəqiblər üçünsə bir az çətin idi. Əslində, həmin oyundan qabaq Mingəçevirdə qalırdıq. Bizi Ağdamda qalmağa qoymadılar. Rəhmətlik Allahverdi Bağırov və digərləri vardı, bizə dedilər ki, burda qalmaq artıq təhlükəlidi, hər an raket düşə bilər. Buna görə son 1-2 ayı Mingəçevirdə qaldıq, oyunlara Ağdama gəlirdik ki, həmin yerli camaat, əsgərlər gəlib oyuna baxsınlar və görsünlər ki, burda həyat var, yaşayırlar, Ağdam alınmazdı. O vaxt belə bir fikirlər vardı. Amma əfsuslar olsun ki, axırıncı oyundan 1-2 ay sonra Ağdam işğal olundu. Bundan sonra Mingəçevirə köçdük - həm məşqi orda edirdik, həm də oyunlara orda qalırdıq. Xeyli müddət orda oynadıq. 
  • - Həmin vaxt Ağdamda sonuncu oyununuzun olması ağlınıza gəlməzdi…
  • - Təbii ki, yox-yox. Kimin ağlına gələrdi? Ümumiyyətlə, ağlıma gəlməzdi ki, Ağdam alınar. O vaxt heç kəsin ağlına gəlməzdi, amma təəssüf ki, oldu da…
  • - Ağdam işğaldan azad olunandan sonra ora səfərinizdə hansı duyğusal anları yaşadınız?
  • - O səfər çox insanı kövrəltdi əslində. Bir tərəfdən, sevinc idi ki, Ağdam bizə qayıtmışdı. Oranı görməsən, onu danışmaq mümkün deyil. Ağdamda neçə il yaşamışam, oranı küçə-küçə tanıyıram. Gəlib baxanda ki, heç nə qalmayıb, hər şey dağıdılıb…Hətta adama o qəribə gəlirdi ki, bəzən bizim uşaqlar, futbolçular evlərini tanımırdılar. Elə bir xarabalığa çevirmişdilər ki, çoxu öz evini tapa bilmirdi. Biri deyirdi ki, buradı, digəri deyirdi ki, yox, bura deyil, o tərəfdi. O qədər dağıntılar vardı, heç "İmarət" stadionunun özü tanınmaz halda idi. Halbuki, o vaxt ən yaxşı stadionlardan biri idi. 
  • - Hansı mənada?
  • - Meydançanın ot örtüyünə görə. Stadion olaraq deməzdim, amma qazona görə bəlkə Azərbaycanda ən yaxşı, ən ideal meydança idi. Çünki ondan qabaq 1991-ci ildə Ukrayna, Belarus, Moldova komandalarıyla oynayanda, gələnlər hamısı deyirdi ki, çox yaxşı meydançanız var. Bilirsiniz, sırf futbol meydançası idi. Sovet vaxtı bütün stadionlar tikiləndə, hamısı qaçış cığırıyla olurdu. Amma “İmarət” belə deyildi, sırf futbol stadionu idi, tribunlarla meydançanın arası çox yaxın idi. Belə baxnda, o vaxt üçün belə stadion təəccüblü idi. Əla bir atmosfer vardı. Bundan sonra Ağdamı gəlib elə bir vəziyyətdə görmək təbii, ürəkağrıcıdı idi. Bu mənzərəyə çox təəssüfləndik. Amma sevinirdik ki, Ağdam artıq işğaldan azad olunub. Bir sözlə, sevinclə kədər bir yerdə idi. Sevinc o idi ki, Ağdam qayıdıb, kədər o idi ki, o cür yerlər xarabalığa çevrilib. İnşallah, "İmarət" yenidən tikiləcək və bundan sonra "Qarabağ" artıq bütün dünyada tanınmış klub olar.
  • - Ağdamlı olmasanız da, neçə il orda yaşadığınıza görə siz də özünüzü artıq ağdamlı hiss edərdiniz. Özü də o vaxt "Qarabağ"da oynayan sizlərə başqa klublardan çox yaxşı təkliflər gəlsə də, getmədiniz - nə qədər çətinliklər olsa belə. Nə idi sizi əsas orda saxlayan?
  • - Futbolçu karyeramın çox hissəsini Ağdam klubunda oynamışam. Bu, 10 ilə yaxın olub. Karyeramın demək olar 90 faizini "Qarabağ"da keçirmişəm, avrokubokda ilk matçında, “Makkabi” zəfərində iştirak etmişəm. Çox adam məni ağdamlı kimi tanıyır. Amma deyəndə ki, qazaxlıyam, təəccüblənirdilər (gülür). O vaxt çətin vəziyyətdə qoyan “Qarabağ”da bütün futbolçuların hamısına əziyyətinə görə təşəkkürlər düşür. Həmin dövrdə o əziyyətlə komandanı saxlayan oğlanların da böyük əməyi var ki, “Qarabağ”ı dağılmağa qoymadılar. Çox çətin vaxtlar idi, amma heç kəs komandadan getmədi. Halbuki, yaxşı təklifləri vardı futbolçuların. Amma "Qarabağ"ın adına görə sadiqlik nümayiş etdirdilər, pulsuz-parasız oynadılar və bu günə yaşatdılar. Hər bir futbolçu gedib hardasa oynaya bilərdi, amma heç kəs getmədi. O komandanın adını yaşatmaq üçün orda qalıb oynayan əziyyət çəkən hər bir insan bugünkü “Qarabağ”da pay sahibi olmasa da, nəsə böyük bir iş görmüş oldu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC