Avropa Liqasında mübarizə aparan “Qarabağ” Liqa mərhələsinin V turunda Bakıda “Lion”la (Fransa) qarşılaşacaq.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözel qarşılaşma ərəfəsində klubun saytına açıqlama verərək meydana növbəti qələbəni qazanmaq üçün çıxacaqlarını söyləyib: “Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl 2-ci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi, yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq".
Gözəl deyib ki, vacib işləri ilə əlaqədar oyunu stadiondan izləyə bilməyəcək: “Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərimizlə tam dolacaq və onlar arenadan sevinclə ayrılacaq”.
Klub rəhbəri hədəfin növbəti mərhələyə yüksəlmək olduğunu vurğulayıb: "Qarşıda 4 oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.
Xatırladaq ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC